“Uşaqları çaşdırmaqla, rus dilində qəliz suallar verməklə qəbulu çətinləşdirirlər” — AÇIQLAMA

SOSİAL 24 iyul 2023, 18:00
Təhsillə bağlı narazılıq yaradan məsələlərdən biri də məktəblərdə rus bölməsi üzrə birinci sinfə qəbulun müsahibə yolu ilə aparılmasıdır. 6-7 yaşlı uşaqlara bəzən çətin, hətta məntiqsiz suallar verilir, hansı ki, uşaq o suala cavab verməkdə çətinlik çəkə bilər, dəqiq bir cavabı olmayan, təxəyyülə əsaslanan suallar qarşısında çaşa bilər. 

Valideynlər iddia edir ki, bəzi özəl təhsil ocaqlarına qəbul ümumiyyətlə şəffaf olmur, tapşırıqla, zənglə baş tutur. Aydındır ki, rus bölməsinə qəbul zamanı uşağın bu dildə müəyyən danışıq bazasının olması şərtdir. Lakin, bunu əlində bayraq edib, bəzi özəl məktəblərin azyaşlılara konkret bir cavabı olmayan suallar verməklə qəbulu qəsdən çətiləşdirməsi nə dərəcədə doğrudur? 


Belə çıxır ki, “kəsilən uşaq təhsil almaq hüququndan məhrum olmalı, depressiyaya düşməlidir? 

Axı uşaq məktəbə gedir ki, orada öyrənsin, savad, bilik sahibi olsun. 


Bəs, bu bəzi ədəbaz təhsil ocaqlarının məqsədi nədir? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tanınmış təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, özəl lisey və gimnaziyalara şagird qəbulu məsələsində seçim səlahiyyəti verilib. 

Onlar daxili qaydalarla seçim aparır, daha yüksək qavrama potensialına malik uşaqları məktəbə qəbul edir:

“Ümumtəhsil məktəblərinin rus bölməsinin birinci sinfinə qəbul zamanı müsahibə keçirilir. Bunun da obyektiv səbəbləri var. 90-cı illərdə Azərbaycan müstəqillik qazanandan sonra rus dili xarici dillər qrupuna aid edildi, əksər məktəblərdə tədrisi ləğv edildi. Rus dili müəllimləri təhsildən didərgin düşdü, başqa peşələrə yönəlməli oldular, defisit yarandı. Rus bölməsi üzrə ali məktəblərə qəbulda da keçid balları azaldılıb. Rus dilinin tədrisində kadr çatışmazlığı yaşanır, müəllim azdır”. 

Rus dilinə marağın son illərdə artdığına diqqət çəkən ekspertin fikrincə, bunun bir səbəbi də odur ki, bəziləri bu dildə oxumağı elit hesab edir:
 
“Çoxu çalışır ki, uşağını rus bölməsində oxutsun. Böyük şirkətlərin işə qəbulda rus dili tələbi, rus dilində zəngin ədəbiyyatın olması və s. kimi ciddi səbəbləri bir kənaraq qoysaq, deyə bilərəm ki, bunun digər bir səbəbi də dəb xatirinə olmasıdır. Müsahibə metodunu da ona görə tətbiq etdilər ki, görsünlər, uşağını rus bölməsinə yazdırmaq istəyən ailədə fərdlər ümumiyyətlə rus dilində danışa bilirmi, uşaq bu dili başa düşürmü, hansı səviyyədə danışır? 

Məktəblərin rus dili bölməsində yerlər çatışmır, tələbat çoxdur. Hər təsadüfi uşağı qəbul etməmək üçün müsahibə edirlər. 
Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dildir. Lakin təhsillə bağlı qanunvericilikə qeyd olunur ki, hər valideynin uşağını istədiyi dildə oxutmaq hüququ var”. 

N.İsrafilov təəssüflə qeyd edib ki, bu müsahibəni bəzi təhsil ocaqları imtahana çevirib:

“Uşaqları çaşdırmaqla, rus dilində qəliz suallar verməklə qəbulu çətinləşdirirlər. Müsahibə elementar suallardan ibarət olmalıdır – uşağın bu dildə danışa bilib bilmədiyini və qavrama qabiliyyətini yoxlamaq məqsədilə. Sovet vaxtı birinci sinfə qəbul icbari idi. Hətta ibtidai sinif rəhbərləri “JEK”lərlə birgə qapı-qapı gəzib, valideynləri uşağını məktəbə qoymağa cəlb edirdilər. Təhsildən kənar qalmaq söhbəti ola bilməzdi. O vaxt belə bir məsələ qoyulmuşdu ki, məktəbə qəbul ərazi üzrə aparılmalı  idi. Hamı uşağını yaşadığı ərazidəki məktəblərdən birinə qoyurdu”. 

Ekspert hesab edir ki, birinci sinfə qəbulla bağlı narazılıqlar yenə də olacaq. Elm və Təhsil Nazirliyininsə hər şikayətə baxması texniki olaraq mümkünsüzdür:

“Sonra biz dünya təcrübəsinə istinad etmək istədik. Qanunvericiliyə belə bir maddə saldıq ki, valideyn məktəb, hətta müəllim seçməkdə sərbəstdir. Bundan istifadə edib Bakı kəndlərindən, uzaqdan şəhər məktəblərinə, mərkəzə axın başladı. Hamı istədi ki, uşağı guya elit məktəb kimi ad çıxaran tanınmış məktəblərdə oxusun. Bu zaman siniflərdə sıxlıq yaranmağa başladı, hər sinifdə 40-50 nəfər şagird. Bundan sonra yenidən qayıtdılar ərazi üzrə məktəb qəbuluna. Bu günün özündə qəbul ərazi üzrədir lakin yenə də bu məsələdə problemlər qalmaqdadır. Məktəblərdə yer olmur, məktəbin imkanı yoxdur əlavə korpus salmağa. Texniki problemlər də yaşanır. Valideyn birinci sinfə qəbulçün sistemə daxil olur, orada qırmızı işıq yanır ki, artıq filan sinifdə yer yoxdur, sonra məlum olur ki, əlavə şagird götürülüb”. 

Dünya təhsilinə inteqrasiya etmək üçün başlanğıcda baxçalara qəbulun da müsahibəylə apardıldığını xatırladan mütəxəssis bunun yolverilməz olduğunu deyib:

“Baxçaya gələn uşağı da sorğu-sual edirdilər. Özəl təhsil ocaqlarına bu seçim hüququ verilib, amma hər şeyin təhəri var. Baxçadan gəlmiş uşağa elə suallar verirlər ki, böyük adama o sualı versən çaş-baş qalar”.

Ekspert təkcə 1-ci sinfə qəbulda deyil, müəllimlərin, direktorların işə qəbulunda da lazımsız suallar qoyulduğundan narazılıq edib:

“Riyaziyyat müəlliminə deyirlər, klarneti kim kəşf edib, fizika müəlliminə deyirlər, Azərbaycanda buzlaşma neçənci ildə olub. Sosial şəbəkələrdə nə qədər sual yazırlar, indi xırdalamaq istəmirəm bunları. Belə çıxır ki, bu müsahibələr kimisə çaşdırmaq, arzuolunmaz şəxslərə maneə yaratmaq üçündür? Bu sualları peşəkarlar tərtib etməlidir. müşahidələr, təhlillər aparılmalıdır, nə kimi suallar verilə bilər, bu sual anlaşılandır ya yox... Təhsildə dövlət standartları var, birinci sinif nəyi bilməlidir, 5-ci sinif nəyi, 9-cu sinif nəyi... Minimumlar var, maksimumlar var... Bu sual uşağın yaşına, psixologiyasına uyğundurmu?! 

Dərsliklərdə də belə problemlər var. Dərsin izahını akademik dildə yazırlar, düşünmürlər ki, uşaq bunu anlamaya bilər. Sualları onları tərtib edənlər deyil, peşəkarlar təhlil etməli, qiymətləndirməlidir. Tək fənni bilmək bəs etmir, hər yaş dövrünün psixologiyasına, qavrama səviyyəsinə bələd olmalıdır sual hazırlayan”. 

Təhsilimiz hələ də keçid dövründə olduğunu vurğulayan ekspert əlavə edib ki, əgər valideyn uşağına verilən sualın yanlış və ya onun səviyyəsinə uyğun olmadığını hesab edirsə, o zaman apellyasiyaya müraciət edə  bilər:

“İki həftə müddətində istənilən imtahanla bağlı Dövlət İmtahan Mərkəzi olsun, istər Elm və Təhsil Nazirliyi olsun – apellyasiya tətbiq olunur. Onlar dəfələrlə narazılıq yaradan sualın səhv olduğunu etiraf edib, şikayəti təmin ediblər. Sual həqiqətən səhvdirsə, ola bilməz ki, kimsə onun düzgünlüyünü iddia etsin. Dəfələrlə apellyasiya komissiyalarında iştirak etmişəm. Oradakı mütəxəssislər sualları tərtib edənlər deyil, digər şəxslərdir. Sual düzdürsə də yenə də əsaslandırılır”. 

Sual tərtibi prosesinin təkmilləşdirilməli olduğunu diqqətə çatdıran N.İsrafilov son olaraq vurğulayıb ki, səhv sual yazanlar kənarlaşdırılmalı, daha peşəkar şəxslər cəlb edilməlidir:

“Kimə nə vermişiksə, onu tələb etməliyik. Əgər məktəbdə bu və ya digər bir şeyi öyrətmişiksə, ali məktəbə qəbulda da onu soruşmalıyıq. Özümüzdən Amerika kəşf etmək lazım deyil. Sual dəqiq olmalıdır, məntiqə, təxəyyülə əsaslanmamalıdır. Məntiqin elm olması heç yerdə sübut edilməyib. Eynşteynin bir sözü var: “Məntiq elm deyil”. O deyirdi ki, məntiq bizi A nöqtəsindən, B nöqtəsinə aparmalıdır, amma təxəyyülümüz bizi hər yerə aparır. Məntiq sadəcə düşüncə forması, yanaşma tərzidir. Hər kəs fərqli yanaşır, fərqli düşünür. Məntiqi heç tədris etmirik, amma ondan sual salırıq. Məntiq adıyla uşağı, şagirdi, tələbəni çaşdırmaq doğru deyil”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 12:31
Top