Deputat: "Yekun sülh sazişinin imzalanması Paşinyan iqtidarının sonunu gətirəcək"

GÜNDƏM 05 iyn 2023, 18:38
Ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına açıqlamasında Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə edildiyini bildirib. O əlavə edib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bu ilin sonunadək imzalana bilər. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, indiki reallıq şəraitində ilin sonuna kimi yekun sülh sazişinin imzalanacağının əlamətləri görünməməkdədir. 

Deputat xatırladıb ki, sonuncu Kişineu görüşündə də irəliyə doğru hər hansı bir addım atılmadı:

"Sadəcə əvvəlki prinsiplərə söykənən məsələlərlə bağlı razılıq əldə etdik. Amma təbii ki, bu irəliyə doğru addım hesab edilməməlidir. 

Bildiyimiz kimi, iyul ayının 21-də Brüsseldə növbəti görüş gözlənilir. Bundan sonra Şarl Mişelin bəyan etdiyi kimi, oktyabr ayında Avropa Siyasi Birliyinin 3-cü samitində görüş olacaq. Ona görə də qalan 2 ay ərzində yekun sülh sazişinin razılaşdırılıb imzalanacağı inandırıcı deyil. 

Hesab edirəm ki, Qriqoryan yenə spekulyasiyalarla məşğuldur. Ümumiyyətlə, Ermənistanın bu günə qədər elə siyasəti ondan ibarət olub ki, Azərbaycan-Ermənistan münasibətləri üzərindən hakimiyyətlərini qorusunlar".

Deputat Paşinyanın olduqca çıxılmaz vəziyyətdə olduğunu da bildirib:

"Ermənistanın işğalçılıq siyasəti davamlı olaraq erməni əhalisinə və iqtidarda olanlara zərbələr vurub. İndiki şərtlər daxilində Azərbaycanın irəli sürmüş olduğu haqlı şərtlər əsasında yekun sülh sazişinin imzalanması Paşinyan iqtidarının sonunu gətirəcək. Buna görə Paşinyan və onun komandası yeganə dayaq nöqtəsi kimi Azərbaycanda yaşayan ermənilərin vəziyyəti məsələsini görməkdədirlər. Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsini aktual saxlamaqla hələlik hakimiyyətdə qalmaqdadırlar. 

Düşünürəm ki, Paşinyan yenə Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi üzərindən siyasi spekulyasiyalar edəcək. Qərbdə də məhz bu amildən çıxış olunmaqdadır. Çünki Qərb də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Fransa prezidenti Kişineudakı sonuncu görüşdən sonra Qarabağda yaşayan ermənilərin statusu və təhlükəsizliyi məsələsini qabartdı və bunun beynəlxalq təminat əsasında şərtləndirilməsinin vacibliyini vurğuladı".

Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top