Xaricdən gətirilən avtomobillərdə bu səbəbdən yanğın baş verir — Ekspert AÇIQLADI

AVTO 02 iyn 2023, 16:27
“Son zamanlar mətbuatda mütəmadi olaraq, bəzi avtomobillərin hərəkətdə olduğu zaman və ya dayandığı yerdə alışması məsələsi gündəmə gəlir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Fərid Hüseynov deyib. 

Fərid Hüseynov bu kimi hallara çox ciddi yanaşılmasının vacibliyini vurğulayıb:

“Adətən belə yanma hadisələri avtomobilə sonradan edilən qeyri-peşəkar müdaxilələrin nəticəsində meydana çıxır. Yəni, avtomobil istehsalçının konveyerindən bir şəkildə çıxır və o, konkret bir spesifikasiya və opsiyalardan ibarət olur. Hansı ölkə üçün istehsal olunubsa, alıcıya onun ölkəsində o formada satılır. Alıcı avtomobili bir müddət sürür. Lakin alıcı avtomobili sifariş edəndə, qiymət baxımından ucuz olması üçün bəzi elektron opsiyaları sifariş etmir, ancaq ya özü, ya da avtomobilin növbəti sahibi olmayan elektron opsiyaları görmək istəyir. Beləliklə, qeyri-peşəkar formada çox ucuz qiymətə və çox keyfiyyətsiz məhsullardan ibarət əlavə qurğular, xırda avadanlıqlar avtomobilə quraşdırılır ki, həmin o elektron opsiyalar əldə edilsin. Nəticədə avtomobildə istifadə olunan materiallar çox keyfiyyətsiz olur.  

İkincisi, onu avtomobilə quraşdıran şəxslər də bu işi qeyri-peşəkar və səliqəsiz bir şəkildə həyata keçirirlər. Bəzən kabellərin izolyasiyası belə bağlantı nöqtələrində tam doğru bir şəkildə həyata keçirilmir və yekunda avtomobil hərəkətdə olarkən, hətta dayandığı vaxt belə qısaqapanma baş verə bilər”.  

Ekspertin sözlərinə görə, kənar müdaxilə olmadan da bəzi hallarda avtomobildə yanma hadisəsi baş verə bilir:

“Amma, bu çox istisna hallarda baş verir. Ümumiyyətlə, istehsalçı tərəfindən hansısa ciddi qüsurun nəticəsində olur. İstehsalçıların daxili araşdırmaları nəticəsində aydın olur ki, konveyer xəttindən çıxmış bir və ya bir neçə avtomobildə bu və ya digər qüsur var və istehsalçılar bu tip məsələləri çox ciddi yanaşırlar, mümkün qədər tez həll etməyə çalışırlar. Məhz bunun nəticəsidir ki, tez-tez istehsalçıların avtomobilləri geri çağırdığını KİV işıqlandırır. İstehsalçı qüsurlu avtomobilləri hansı ölkələrə göndərdiyini bilir və müvafiq dilerlərinə lazımi məlumatı göndərir, yerli dilerlər isə avtomobil sahibləri ilə əlaqə saxlayıb, onları mərkəzə dəvət edir və istehsalçının göstərişlərinə uyğun formada avtomobildəki qüsuru aradan qaldırır”. 



F.Hüseynov qeyd edib ki, köhnə avtomobillərdə yanma hadisəsi çox böyük ehtimalla sonrakı müdaxilələrin nəticəsində olur:

“Təqribən 10-12 il əvvəl bir markanın bir modelində bir neçə avtomobil fərqli vaxt və məkanlarda yanmışdı. Bəziləri hərəkətdə olarkən, bəziləri statik halda və hər bir yanma hadisəsi sonradan yerli rəsmi dilerin məhkəməyə verilməsi ilə nəticələnmişdi. Əlbəttə, bu normal bir haldır və məhkəmə prosesi zamanı istehsalçı tərəfindən mühəndis-ekspertlərdən ibarət bir heyət Azərbaycana göndərilmişdi. Yerli peşəkarlarla xarici peşəkarların araşdırması nəticəsində yanan avtomobillərdə sonradan avtomobilə quraşdırılmış hansısa bir avadanlığın qidalanması üçün kabellər tapılmışdı. Nəticədə məlum olmuşdur ki, avtomobilə kənar müdaxilə olunub, hansısa avadanlıq qoşulub. Hətta, avtomobilə sonradan “start-top” düyməsi qoşulub. Avtomobil isə istehsal zamanı mexaniki açarla təmin olunub. Belə avtomobili mexaniki açarı öz yuvasına salıb, fırlatmaqla işə salmaq lazımdır, lakin avtomobil sahibi bu köhnə üsulu artıq bəyənmir, daha müasir olan düymə ilə işəsalma istəyir. 

O, avtomobil ehtiyat hissələri və aksessuarlar satılan dükandan 100-200 manata (istehsalçıların rəsmi göndərdiyi orijinal aksesuarın qiyməti 800-1200 manat arasında dəyişə bilir), “star stop” düyməsi mexanizmini alır, hansısa bir qeyri-peşəkar elektrik ustasının yanında aldığı detalı avtomobilə quraşdırır. Beləliklə, sırf sonradan qoşulmuş keyfiyyətsiz avadanlığın qısa qapanması nəticəsində avtomobil yanmışdı. Təbii ki, bu halda kənar müdaxilədən söhbət getdiyindən məhkəmə diler və istehsalçının leyihə qərar çıxarmışdır”.


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top