“Azərkosmos” Afrikanın 17 ölkəsində peyk xidmətləri göstərəcək

SOSİAL 23 may 2023, 14:37
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.

Bu barədə Demokrat.az-a nazirlikdən məlumat verilib.

Müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.

“Azerspace-2” peykinin imkanlarından istifadə edərək “Intelsat” şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir”, – məlumatda deyilir.

“Peyk xidmətləri bazarında qlobal partnyorumuz olan “Intelsat” şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq”, – “Azərkosmos”un sədr müavini Fuad Aslanov bildirib.

“Intelsat”ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, “Azərkosmos” Afrika regionunda yüksək keyfiyyətli peyk xidmətləri təmin edən “Intelsat”ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir: “Biz “Azərkosmos” ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün “Azərkosmos”a etibar edirik”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top