Laçındakı postumuzun 1 ayı — Gəldiyimiz nöqtə, sonrakı addımlarımız...

QARABAĞ 23 may 2023, 12:36
Dinc ermənilər yoxlanılır, quldur dəstələrinin axırıncı “nəfəsliyi” də bağlanıb, hay yığını isə aksiyalar keçirir, İrəvan yenə BMT məhkəməsinə müraciət edir - nəticəsi olacaqmı?

Bu gün - mayın 23-ü Laçının Ermənistanla sərhəd qapısında nəzarət-buraxılış məntəqəsinin qurulmasından (23 aprel) bir ay ötür. Bu hadisə, sözsüz ki, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan suveren haqqının praktikada növbəti təsbiti idi. Beləcə, Qarabağda hələ də yuva salan erməni silahlı terrorçu və quldur dəstələrinin axırıncı “nəfəsliyi” də bağlanmış oldu. Onların Ermənistandan silah-sursatla, minalarla təchiz edilməsinə faktiki son qoyuldu. Düzdür, nəzarət məntəqəsi ilə bağlı Qərbdəki bəzi ermənipərəst çevrələrdən Azərbaycanın ünvanına iradlar ara-sıra davam edir. Ancaq bəlli məsələdir ki, rəsmi Bakı separatçı ünsürlərin naminə öz legitim hüququndan vaz keçəsi deyil. Əksinə.

Bu ərəfədə - mayın 20-də ermənilər Gorus rayonunun “Kornidzor” adlandırılan kəndində, nəzarət postunun, Həkəri körpüsünün yaxınlığında mitinq keçiriblər. “Könüllülər Hərəkatı” ictimai təşkilatının təşkilatçılığı ilə keçirilən mitinqdə sərsəm iddialar səsləndirilib. “Könüllülər Hərəkatı” QHT-nin yaydığı bəyanatda deyilir: “Ermənistan qarşısında qoyulan güzəştlərə və sərhədlərə "yox" deyirik!" Özlərini Ermənistanın və “artsax”ın  “sahibi” adlandıran hay yığını vəziyyəti gərginləşdirməyə yönəlik çıxışlar edib. Bu qəbildən təxribatlar və təhlükələr arta bilərmi? Ön tədbirlərimiz nə olmalıdır? Bir ayda nəzarət rejimi necə işləyib, nəzarət məntəqəsi ilə bağlı Bakıya yenə beynəlxalq səviyyəli hər hansı təzyiqin olacağını gözləmək olarmı? Fakt budur ki, Brüssel və Moskva görüşlərində Laçın yolundakı NBM barəsində söz açılmadı. Yəni Azərbaycana yönəlik vaxtaşırı çağırışlar səslənməsinə baxmayaraq, nə Avropa Birliyi, nə ABŞ, nə Rusiya bizə ciddi irad tuta bilmədi. Çünki bütün ölkələrin etdiyi legitim davranışa yol vermişik.

Bu arada, Ermənistanın beynəlxalq hüquqi məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Ermənistan Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi quraşdırması ilə bağlı ikinci dəfə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. “İrəvan Haaqadan Laçın dəhlizi ilə nəqliyyatın maneəsiz hərəkət etməsini tələb edərək, bu barədə yekun qərar qəbul olunana qədər Bakıya müvəqqəti tədbir tətbiq ediləcəyini gözləyir”, - Kirakosyan bildirib. Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Müvəkkili Aparatı da məsələ qaldırıb ki, Bakı nəinki BMT Məhkəməsinin müvəqqəti qərarlarına əməl etmir, həm də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına məhəl qoymur. Bəs bu müraciətlər effekt verə bilərmi? Düz 30 il BMT qətnamələri icra edilmədi və nəhayətdə Ordumuz yerinə yetirdi, indi bir 30 il də ermənilər beynəlxalq tribunallardan nəsə gözləsinlər...



Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan tez-tez beynəlxalq təsisatlara müraciətlər edir. “İrəvan bu müraciətlərində beynəlxalq hüquq normalarından çıxış etməli olur. O zaman Azərbaycan öz ərazisindən başqa ölkənin ərazisinə keçid üçün post qurubsa, buna görə kimin nə həddi var ki, bizə hər hansı irad bildirsin?! Bu cür səfeh iddialar səsləndirənləri ya həddən artıq əzizləyiblər, ya da o millət tamamilə ağlını itirib. Çünki bizim nəzarət mexanizmi yaratmağımızda beynəlxalq hüquqla ayaqlaşa bilməyəcək bir məqam yoxdur”, - deyə professor vurğuladı. Q.Hüseynlinin sözlərinə görə, ermənilər Azərbaycan ərazilərinə köçürülüblər, burada bizim tabeliyimizdə yaşayıblar, indi görünür ki, 30 illik işğaldan sonra yollarını azıblar: “Biz də onları yeni qaydalara alışdırmaq istəyirik, suverenliyin nə olduğunu başa salmağa çalışırıq. Əgər bunu axıra qədər dərk etməyəcəklərsə, o halda Prezidentin də dediyi kimi, çıxış yolu var - bizim əraziləri tərk edib özlərinə ayrı məskən seçə bilərlər”. Siyasi ekspert Xəyal Bəşirov qəzetimizə açıqlamasında xatırlatdı ki, hər şey ötən ilin dekabrında ekofəalların aksiyası ilə başladı: “Bu etirazların tələbləri var idi: ekoloji terrora son qoyulsun! Təəssüf ki, beynəlxalq təşkilatlar aksiya iştirakçılarının bu çağırışlarına lazımı reaksiya bildirmədilər. Ancaq ekofəallar separatçı ünsürlərin silah daşımaq imkanlarını məhdudlaşdırmışdı. Onlar isə Turşsu-Xəlifəli yolu ilə qanunsuz daşımalara davam etdilər. Ordumuz bunun qarşısını aldı və ardınca nəzarət mexanizmi qoyuldu. Əslində iki il yarım əvvəl 10 noyabr sənədi imzalananda buna şərait yaradılmalı idi. Biz gördük ki, keçmiş münaqişədən iki il keçir və beynəlxalq təşkilatlar bizə kömək etmirlər, onda özümüz məsələni həll etdik”.

X.Bəşirov hesab edir ki, indi də Ermənistan bizə təzyiq göstərməyə çalışır: “Ancaq İrəvanın beynəlxalq məhkəmələrə müraciət etmək üçün heç bir əsası yoxdur. Onlar əmindirlər ki, Azərbaycan nəzarət postunu oradan götürməyəcək. Onda niyə müraciət edirlər? Çünki Prezident 44 günlük müharibədən sonra bəyan etdi ki, erməni vəhşilikləri ilə bağlı BMT məhkəməsində məsələlər qaldıracağıq, erməni canilərinin tribunalda mühakiməsini tələb edəcəyik. Bizi qabaqlamaq üçün müxtəlif istiqamətlərdə müraciətlər ünvanlayırlar. Guya bu yolla özləri üçün hüquqi baza toplayırlar. Ancaq onların indiyə qədər olan bütün müraciətlərinə rədd cavabı verilib. Əksinə, bizim tutarlı dəlillərimiz var və Ermənistana qarşı vəsatətlər qaldıracağıq. Odur ki, istər Laçın yolunda nəzarət postu qurulması, istər digər məsələlər barədə ermənilərin puç iddiaları olsun, heç biri nəticə verməyəcək”. 



 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, iki həftə öncə ermənilərin pasportları ilk dəfə yoxlanılanda reaksiya fərqli idi: “Pasportu yoxlanılan ermənilər narazı görünür, o cümlədən rəsmi İrəvan, Xankəndidə qalan separatçılar və beynəlxalq aləmdə ermənipərəst dairələr buna etiraz edirdi. Amma daha sonra yoxlamalarla bağlı yayılan görüntülərdə fərqli mənzərə müşahidə edilir - ilk yoxlamadan fərqli olaraq, ermənilərin aqressiyası və narazılığı hiss olunmur. Postu keçən ermənilər prosedur qaydalarına razılıqla əməl edirlər. Onların hansısa etirazı gömrük prosedurlarının dəyişməsi ilə nəticələnməyəcək, lakin məsələ bu qaydalara hansı əhval-ruhiyyədə əməl etmələridir. Bu mənzərədən birdən çox nəticə ortaya çıxır: Birincisi, erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını görürlər. İkincisi, Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə edirlər. Üçüncüsü, ermənilər azərbaycanlılar haqda antitəbliğatın doğru olmadığına öz gözləri ilə şahid olurlar”.

Ekspertin fikrincə, bütün bunlar erməni əhalisinin reinteqrasiya prosesinə münasibətinin də müsbət yöndə dəyişməsi perspektivini yaradır: “Qarabağdakı separatçılar əhalinin reinteqrasiyasına mane olmağa çalışsa da, Laçın postundakı yoxlama prosesini ümumilikdə erməni əhalisi ilə təbii təmasın yaranması da hesab etmək olar. Bu, Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilərə nəzarətin bərpa olunması istiqamətində mühüm addımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top