Lənkəranda 2000-ə yaxın qadın xərçəng riskinə qarşı müayinə olunacaq

SOSİAL 06 may 2023, 17:55
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müşaviri Firəngiz Əliyeva ilə yanaşı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) aidiyyəti struktur bölmələrinin rəhbərləri və nümayəndələri, Fondun Azərbaycan Nümayəndəliyinin səhiyyə proqramlarının rəhbəri Ramiz Hüseynov iştirak ediblər.

Görüşdə Agentlik və Fond arasında imzalanan Anlaşma Memorandumuna əsasən icra edilən 3 illik “Azərbaycanın Cənub regionlarında təhlükəsiz analıq” layihəsinin başa çatan birinci mərhələsinin hesabatı Fond tərəfindən təqdim olunmuş və layihənin növbəti mərhələlərinin müzakirəsi aparılıb.

Növbəti mərhələlərdə son texnologiya ilə skrininq müayinələrinin aparılması məqsədilə tibb mütəxəssislərin təlimləndirilməsi, Lənkəran sakini olan 2 000-ə yaxın qadının müayinə olunması və bu müayinələr nəticəsində onlarda uşaqlıq boynu xərçəngi riskinin olub-olmamasının təyin olunması, həmin xəstəliklərlə bağlı icmaların və gənclərin maarifləndirilməsinin aparılması razılaşdırılıb.

İcraçı direktor Vüqar Qurbanov uşaqlıq boynu xərçəngi ilə yanaşı süd vəzi xərçəngi riskinin də vaxtında aşkarlanmasının bu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətlərdə Fondla əməkdaşlığın genişləndirilməsini təklif edib.

Bundan başqa, Qarabağ bölgəsində tibbi fəaliyyətə cəlb olunacaq həkimlər üçün ailə həkimliyi mövzusunda təlimlərin təşkil edilməsi müzakirə olunub və Fond bu prosesə dəstək göstərməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top