"Orta təhsilin problemləri ona tapşırılanda bundan artıq nəticə gözləmək sadəlöhvlük olardı"

SOSİAL 23 iyun 2019, 19:30

Dövlət İmtahan Mərkəzinin aşağıdakı statistikası həqiqətən də utancvericidir. Ölkənin orta təhsilinin mühüm problemləri eminəmrullayevkimilərə tapşırılanda bundan artıq nəticə gözləmək sadəlöhvlük olardı. Ölkənin təhsilini xaricdə dil kursu keçənlərə tapşıranda necə olmalı idi? Təhsilin məhv edilməsində maraqlı olanlar: Eşidirsinizmi! Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının 42-67 faizini mənimsəmir.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsindəki bu faktlarla Siz də tanış olun.

 

Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 51.52, ədəbiyyatdan 44.38, riyaziyyatdan I, II qruplarda 33.39, III, IV qruplarda 36.27, fizikadan 40.05, kimyadan 36.49, biologiyadan 57.61, tarixdən 44.23, Azərbaycan tarixindən 41.45, coğrafiyadan 44.90, ingilis dilindən I qrupda 34.66, II, III qruplarda 40.33 faizinə düzgün cavab verib.
Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 52.49, ədəbiyyatdan 47.55, riyaziyyatdan I, II qruplarda 37.49, III, IV qruplarda 37.09, fizikadan 44.24, kimyadan 41.68, biologiyadan 56.37, tarixdən 35.58, Azərbaycan tarixindən 35.74, coğrafiyadan 42.67, ingilis dilindən I qrupda 51.48, II, III qruplarda 53.23 faizini düzgün cavablandırıb.

 

Yenə həmin jurnaldan:

 

“Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 33-58 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 42–67 %-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.

 

P.S. Əmrullayev kimilərin arxasında duranlar yəqin ki, bu möhtəşəm missiyanı həyata keçirdiklərinə görə onlara dərin təşəkkür edəcəklər və ənam verəcəklər. Bu yaxınlarda təhsilin belə acınacaqlı vəziyyətdən çıxmasının yollarını göstərəcəm.

 

Etibar Əliyev, təhsil eksperti

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top