"Ermənilərin Qərbi Azərbaycana vurduğu zərər hesablanır, beynəlxalq məhkəmələrə müraciət olunacaq" — MÜSAHİBƏ

MÜSAHİBƏ 31 mar 2023, 17:35
"Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri Mürvət Həsənlinin Demokrat.az-a müsahibəsi:

— Mürvət müəllim, "Qərbi Azərbaycan İcması”nın qarşıdakı əsas planları və hədəfləri nədən ibarətdir?


 — Bildiyimiz kimi, bu il yanvar ayının 26-da Qayıdış Konsepsiyası təsdiq olundu. Dekabr ayının 24-də isə Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı oldu və açılışda Cənab Prezidentimiz də iştirak etdi. Orada bizim qarşımıza məqsəd qoydu ki, tezliklə Qayıdış Konsepsiyası və silsilə tədbirlər planı hazırlansın. Biz bir ay içində Qayıdış Konsepsiyasını hazırladıq və bunu Müşahidə Şurası təsdiq etdi. Ondan sonra da bizim fəaliyyət istiqamətlərimiz bəlli oldu. O gündən biz qarşımıza qoyulan hədəflərə çatmaq üçün tam şəkildə  fəaliyyət göstərməyə başladıq və bundan sonra da göstərəcəyik. 

— Bildiyimiz kimi, bu yaxınlarda Qayıdış Konsepsiyasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, eyni zamanda BMT-nin EKOSOC təşkilatının rəsmi sənədi kimi tanındı. Bu barədə nə deyə bilərsiniz?

— Bəli, bu yaxınlarda Qayıdış Konsepsiyasını Təşkilatının Təhlükəsizlik Şurasının, eyni zamanda BMT-nin EKOSOC təşkilatının rəsmi sənədi kimi tanındı və onunla bağlı bəyanat da verdilər. Hazırda bir neçə xarici ölkələrdə Qayıdış Konsepsiyası ilə bağlı müəyyən işlər görürük. UNESCO-ya dəfələrlə Qərbi Azərbaycanda qalan tarixi abidələrimizlə bağlı müraciət etmişik. İnanırıq ki, oradan da yaxın vaxtlarda cavab alacağıq. 

Bununla yanaşı, digər beynəlxalq təşkilatlara da müraciət etmişik və onlardan da cavab aldıqlarımız və almadıqlarımız da var.

— Qərbi Azərbaycanda bir sıra tarixi abidələrimiz erməni vandalları tərəfindən məhv edilib. Bu istiqamətə icma tərəfindən hansı işlər görülür?

— Bildiyimiz kimi, Qərbi Azərbaycanda soydaşlarımıza aid 300-ə yaxın kənd və şəhərlərimiz var. 260-a yaxın kəndlər tam siyahıya alınıb və hazırda dəyən zərərlər hesablanır. Artıq  Respublika Baş Prokurorluğunda bununla bağlı cinayət işi başlayıb. Yəqin ki, müsbət nəticələri olacaq. Biz qarşıdakı vaxtlarda beynəlxalq məhkəmələrə də müraciət edəcəyik. 

— Məlum olduğu kimi, bir neçə gün öncə sizinlə də yaxın dost olan Milli Məclisin deputatı Fazil Mustafaya silahlı terror hücum oldu. Bu hadisə ilə bağlı fikirlərinizi bilmək istərdik...

— Bu hadisəni çox ciddi şəkildə qınayıram. Fazil Mustafa ən çox sevdiyim, dinlədiyim, qulaq asdığım, hörmət etdiyim millət vəkilidir. Bizim şəxsi münasibətimiz var. Ona çox böyük hörmət edirəm. Çox üzülürəm ki, belə bir hadisə baş verdi. 

Düşünürəm ki, yaxın zamanda bu cinayətin üstü açılacaq. Bu, xain kimdirsə, kim tərəfindən planlaşdırılıbsa, o da mütləq layiqli cəzasına çatacaq. 

— Son vaxtlar İranın Azərbaycana qarşı hücumları açıq müstəviyə keçib. Sizcə, İranın molla rejiminin xain hücumlarının arxasında hansı məqsədlər dayanır?

— Zatən, dəyərli Fazil Mustafaya edilən silahlı hücumun arxasında da İranın dayandığından ciddi şübhələrimiz var. Çünki Fazil bəyin İranla bağlı haqlı çıxışları var idi. İran ölkəmizdə müəyyən mənada iğtisaşlar yaratmaq istəyir. Zaman-zaman erməni-fars birliyi Azərbaycana qarşı nəsə etmək istəyib. Bununla bağlı Fazil bəy də hər zaman haqlı çıxışlar edirdi, molla rejimini tənqid edirdi. Təbii ki, bunlar da şübhələrin ora doğru getməsinə dəlalət verir. Bu hücum İran tərəfindən ola bilər, amma rəsmi versiya yaxın zamanlarda olacaq. 

Bilirsiniz, Azərbaycanda uzun illərdir ki, sabitlik var, kriminal vəziyyət nəzarət altındadır. Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti bu sahədə çox səmərəli çalışırlar. Şübhəsiz ki, bütün bunlar bəzi xain qonşuları ciddi narahat edir. Amma onlar buna bənzər hadisələri törətməklə Azərbaycanda ictimai-siyasi sabitliyi əsla poza bilməyəcəklər.  


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top