Dialoq ölkəmizin gələcək siyasi sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir

SİYASƏT 29 mar 2023, 11:09
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun prioritetlərindən biri də ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsidir. Son illər ölkəmizdə yaranan yeni siyasi dialoq mühiti bu baxımdan  çox mühüm və uğurlu nəticələrə yol açıb. Dövlət başçımızın təşəbbüsü ilə yeni dialoq mühitinin formalaşması qarşılıqlı etimadın aktuallaşmasına  şərait yaradıb. İqtidarla siyasi partiyalar arasında  siyasi dialoq  mühitinin daha  intensiv xarakter alması üçün  dövlət başçımızın sərəncamı ilə Prezident Administrasiyasında  Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yaradıldı. İnsafən, həmin şöbənin müdiri Ədalət Vəliyevin ilk gündən siyasi partialarla siyasi dialoq mühitinin yaradılması istiqamətində atdığı addımlar qısa zamanda öz bəhrəsini verdi. Siyasi partiya liderləri ilə  mütmadi olaraq keçirilən görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoydu.

Siyasi partiya və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni mərhələnin yardılması   Azərbaycanda siyasi sistemi möhkəmləndirmək istiqamətində vacib şərtə çevrildi. Prezident İlham Əliyevin bu istiqamətdə  nümayiş etdirdiyi siyasi iradə istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi.  Dövlət başçımızın təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərin açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması demək idi. Məlum olduğu kimi, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin daha da dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidar olub. Dövlət başçımız  2020- ci il noyabrın 22- də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi  zamanı da ölkədə normal dialoqa ehtiyac olduğunu vurğulamışdı: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” .

Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev müxalifət nümayəndələri  arasında sağlam əqidəli, Vətənini, xalqını  sevənlərin olduğunu diqqətə çatdıraraq demişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

2018- ci ildn start götürən genişmiqyaslı islahatlar ölkədə siyasi dialoq mühitində də özünü büruzə verdi. Uğurla başlanan siyasi dialoq ölkəmizin gücləndirilməsinə  və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə təkan verdi. İqtidar –müxalifət dialoqunun getdikcə intensivləşməsi 2020- ci ildə Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı təxribatı zamanı özünü açıq şəkildə büruzə verdi. Xalqımız Vətən müharibəsində iqtidar-müxalifət birliyinin şahidi oldu. Qırx dörd günlük Vətən müharibəsinin qələbə ilə başa çatması  istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı. Vətən müharibəsi dövründə  siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. O cümlədən, bu birlik və həmrəylik Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi xarici qüvvələrə də layiqli cavab oldu. Hər  bir kəsin möhtərəm  Prezidentimizin ortaya qoyduğu “dəmir yumruğ”un ətrafında sıx birləşməsi  dövlət başçımızın siyasi iradəsinin növbəti uğuru oldu. 

Ölkəmizdə yeni siyasi dialoq mühitinin formalaşması “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilməsində özünü büruzə verir. Bu qanunun qəbul olunması  siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Bu qanun açıq və demokratik rəqabətə çağırış kimi dəyərləndirilməlidir. Onu da qeyd edək ki, ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə, bilavasitə, demokratik prinsiplərə sadiqliyinin təzahürdür.

 Siyasi dialoqun bundan sonra da davam etdirilməsi prioritet məsələdir. Dövlət başçımız da bu məsələyə xüsusi önəm verilməsinini vacibliyini qeyd edərək demişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,  hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top