Bakıdakı tıxaclar yanacaq sərfiyyatına görə süni şəkildə yaradılır? – AÇIQLAMA

SOSİAL 27 mar 2023, 11:59
“Paytaxtdakı tıxacların süni, guya kimlər tərəfindənsə yaradılması əsassızdır və bunu düzgün hesab etmirəm. Əslində bu, məsələyə çox primitiv yanaşmadır. Sadəcə, Bakı şəhərində mənasız tıxaclar mövcuddur ki, bunun da səbəbləri var. Misal üçün, kiçik bir avtoqəza baş verəndə, yaxud bir avtomobilin xarab olması səbəbindən intensiv hərəkət olan bir yolda saatlarla böyük tıxac yaranır. Yaxud yol xidmətinin işçiləri gündüz vaxtları yol kənarında təmizlik və ya təmir işləri görürlər. Bu cür halları çox sadalamaq olar və əfsus ki, belə hallar bu gün də var”.
 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.



Deputat paytaxtdakı tıxacların səbəblərini belə səciyyələndirib:

“Bakı şəhərində tıxac probleminin əsaslı kökləri mövcuddur. Səbəbləri bilmədən, onları yaradan faktorlar araşdırılmadan məsələnin həlli mümkün deyil. Amma bilgimə və qənaətimə görə, Bakıda tıxac probleminin həlli həm mövcud şəraitdə, həm də böyüyən şəhər fonunda perspektiv planda mümkündür. Bakıda artıq illərdir gedən çoxmərtəbəli binaların plansız tikintisi, həmin ərazilərin hasarlanması, mövcud olan məhəllə yollarının ləğvi ilə nəticələnib. Məhəllələrarası yollar son illər sürətlə sıradan çıxır və bu iş bu gün də davam edir. Məhəllə yolları böyük yol arteriyaları üçün xırda kapilyarlar rolunu oynayırdı. Bu gün məhəlləarası yollar hətta Parisdə, Londonda və bu kimi iri şəhərlərdə də eyni rolu oynayır. Nəticədə bu gün mövcud infrastruktur Bakı şəhərində hərəkət intensivliyi yükünü götürə bilmir. Bundan əlavə, yeni tikilən binalarda mənzil sayına uyğun dayanacaqların olmaması, onların satılaraq iaşə obyektləri kimi istifadəsi, bundan əlavə hətta kiçik mağaza və obyektlərin yol kənarında olması, parklama yerinin olmaması səbəbindən müştərilər tərəfindən yollarda məcburi parklama edilməsi tıxaclara şərait yaradır. Bakıda qeyri-qanuni parklama, qeyri-qanuni avtovağzallar da tıxac yaradan əsas səbəblərdir. Əfsuslar olsun ki, bu məsələlər hansısa səbəbdən həll olunmur və hətta geniş vüsət alır”.
 
İ.Yusifov deyib ki, tıxacın əsas səbəblərindən biri yol hərəkətinin təşkilinə cavabdeh olan vahid qurumun olmaması, yaxud başqa sözlə desək, cavabdeh qurumların fəaliyyətinin  bir-birinə sinxronizə edilməməsidir:

“Yol hərəkətinin təşkili, nəzarəti, xidməti və s. vəzifələr bir neçə qurum arasında bölüşdürülüb ki, bu da hərəkətin təşkilində bəzi qeyri-müəyyənliklər yaradır. Yol özü bir quruma, hərəkətin təşkili digərinə, nəzarət (kamera) tam başqa bir quruma, yolun nişanlanması, evakuasiya xidmətləri yenə ayrı-ayrı qurumlara tabedir. Bəzən məsuliyyətlər toqquşur, təkrarlanır, bəzi məqamlarda isə ümumiyyətlə uzlaşmır, müəyyən məqamlar açıq qalır və tənzimlənmir. Məsələn, bir avtomobil yolun hərəkət hissəsində qeyri-qanuni park edir, tıxac yaradır, kamera onu qeyd edir, cəriməsi avtomatik yazılır. Amma avtomobil oradan operativ olaraq götürülmür ki, hərəkət normal məcrasına düşsün. Çünki faktı qeydə alan və cəriməsini yazanla evakuator xidməti başqa-başqa qurumlardır. Yalnız avtomobil sahibi sürüb getdikdən sonra məsələ öz həllini tapır. Səbəblərdən biri də sürücülük mədəniyyətinin çox aşağı səviyyədə olmasıdır. Ümumiyyətlə, bizim üçün “yol vermək” anlayışı yoxdur. Bu da səbəbsiz deyil - yol verəndə də qarşı tərəf bundan sui-istifadə edir. Birinə yol versən, onun arxasınca digəri də keçir, sonra o birisi, az qala bir kolon keçir və nəticədə sən özün tıxacda qalırsan. Hətta təcili yardım maşınına yol verirsən, görürsən ki, onun ardınca fürsətdən istifadə edən “zirək” sürücülərin idarə etdiyi maşın karvanı gəlir. Bizim sürücülər üçün “yol zolağı” anlayışı da yoxdur, zolağı düzgün seçmirlər, tez-tez dəyişirlər, boşluqları “Tetris” sistemi ilə doldururlar. Dönmə işığının mahiyyətini başa düşmək, qəbul etmək istəmirlər, hesab edirlər ki, kim irəlidədirsə, yol da onundur. Səbəblər çoxdur. Tıxaclar vaxtımızı alır, planlarımızı, işlərimizi pozur, əsəblərimizə, sağlamlığımıza ziyan vurur.  Hesablamalara görə İstanbul, Moskva və s. kimi şəhərlərdə hər sürücü bir ildə orta hesabla 5-6 gününü (120-140 saat) tıxacda keçirir. Bakıda da tıxaclar artıq böyük problemə çevrilib. Buna görə artıq Bakıda tıxac probleminin həlli aktual olmalıdır. Maşın sayının azaldılması, regionlardan gələn maşınların şəhərə buraxılmaması və s. kimi metodlar məsələnin həlli yolu deyil. Bizdə maşın sayı da o qədər də çox deyil. Azərbaycanda hər 1000 nəfərə düşən avtomobil sayı Avstriyadakından 5 dəfə azdır. Amma Vyana şəhərində tıxac problemi yoxdur. Artıq xanımlarımız indi intensiv şəkildə avtomobil idarə etməyə başlayıblar. Demək, avtomobil sayı da artacaq. Buna görə də səbəblər araşdırılmalı, təhlil olunmalı,  mütəxəssislər cəlb edilməli və məsələ həll olunmalıdır. Həll yolları isə mövcuddur. Təkliflər çoxdur. Bu, artıq başqa və geniş bir mövzudur. Müvafiq orqanlar maraqlı olsalar, məmnuniyyətlə köməklik göstərməyə, təkliflər verməyə hazıram...”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top