Əməkdar mühəndis: “Bakıda zəlzələ olarsa, 2010-cu ildən əvvəl tikilən binalar...”

MÜSAHİBƏ 17 fev 2023, 12:26
Son günlər Türkiyədə baş verən zəlzələ ölkəmizdə də mövcud binaların təhlükəsizliyi ilə bağlı məsələni aktuallaşdırıb.

Mütəxəssislərin fikrincə, zəlzələnin təkanları nə qədər güclü olsa da, keyfiyyətli tikilmiş binalar belə təkanlara davam gətirə bilər.
Qeyd edək ki, bu gün ölkədə, xüsusilə paytaxtdakı binaların bir çoxunun təhlükəsizliyi ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Doğurdanmı mövcud binaların təhlükəsizliyi ilə bağlı problemlər var?

Mövzu ilə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Memarlıq və İnşaat Universietinin professoru, Əməkdar mühəndis Lətif Zeynalov cavablandırıb: 

- Bu gün aktual olan mövzulardan biri binaların zəlzələyə nə qədər davamlı olmasıdır. Burada problemlərdən biri kimi mütəxəssislərin azlığı göstərilir. Doğrudanmı bu gün ölkəmizdə bu sahədə kifayət qədər mütəxəssis yoxdur?

- Bəli, ölkəmizdə mütəxəssislər azdır. Amma təkcə bizim ölkəmizdə yox, bütün dünyada bu, reallıqdır. Seysmika çox mürəkkəb, az öyrənilmiş, çox istiqamətli, hələlik proqnozlaşdırılması demək olar ki, mümkün olmayan sahədir. Bu sahədə mütəxəssis, xüsusi ilə öz sözünü deyə bilən elm adamları yetişdirmək üçün olduqca mürəkkəb, bahalı tədqiqat mərkəzləri tələb olunur ki, bunu da yaratmaq, burada lazımi səviyyədə iş qurmaq heç də bütün hallarda mümkün və səmərəli olmur.

Fikrimcə, buna heç o qədərdə canfəşanlıq etmək vacib deyil. Müasir dövrdə  dünyanın istənilən ölkəsində təhsil almaq, elmi iş aparmaq mümkündür. Hazırda isə ölkəmizdə zəlzələyə davamlı binalar layihələndirməyə və inşa etməyə qadir mütəxəssislərimiz, imkanlarımız var və olacaq.

- Son illər bu sahədə məzunların da əmək bazarının tələblərinə cavab vermədiyi deyilir. Bu nə dərəcədə doğrudur?

- Məzunlarla bağlı problem var və bu seysmika problemi deyil. Qapalı Sovet təhsil sistemindən ayrılıb dünya təhsil sisteminə inteqrasiya olunmaq asan başa gəlmir. Sovetlərin məzunu hazır mühədis idimi? Əlbəttə yox. Ən yaxşı məzun da istehsalatda, necə deyərlər ələkdən keçir, layiqlilər mühəndis olurdular. Amma gənc məzun mütləq, hətta məcburi surətdə iş yeri ilə təmin olunurdu, onun yetişməsinə imkan və vaxt verilirdi. Hazırda isə bazarda hazır mütəxəssis tələb olunur.

Deməli təhsili, deyərdim ki, ilk növbədə təhsil alan ğənclərimizin psixologiyasını yeni sistemə uyğunlaşdırmaq lazımdır. Daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim. Amerikada oxuyan bir tanışımız 2 aylığa Bakıya gəldi və layihələndirmə işləri sahəsində təcrübə toplamaq istədiyini bildirdi. Ona işləməyə şərait yaratdıq, o da həvəslə çalışdı. Sonda ona necə deyərlər, tərifli xasiyyətnamə vermək istədik. O, bunu qəbul etmədi. Dedi ki, orada mənim nə öyrəndiyimə baxacaqlar, tərifə yox.

- Ölkəmizdə binaların zəlzələyə davamlılğının qiymətləndirilməsi ilə bağlı problem varmı?

- Zəlzələyə davamlılığın qiymətləndirilməsi sualına aydınlıq gətirilməlidir. Yəni, 2010-cu ildən sonra inşa edilən (və ya inşa ediləcək) binalar haqqında məsələ aydındır. Bina sonuncu tikinti normaları əsasında işlənərək ekspertizadan keçmiş layihə ilə inşa edilib və onun Dövlət qəbulu həyata keçirilibsə, deməli o bina bütün tikinti normaları tələblərinə uyğundur və nəzərdə tutulan zəlzələ səviyyəsinə də davamlıdır. Daha əvvəl inşa edilmiş mövcud binalarda məsələ daha mürəkkəbdir.

Həmin binaların tikildiyi dövrün tikinti normaları, o cümlədən seysmik normalar hazırki normalardan fərqli idi, daha əvvəlki binaların tikildiyi zaman ümumiyyətlə, normalar yox idi. Belə binaların faktiki (indiki norma tələblərinə görə) zəlzələyə davamlılıq səviyyəsini müəyyənləşdirmək üçün ölçmə - tədqiqat işləri yerinə yetirilməli, alınməş məlumatlar əsasında hesablamalar aparılaraq nəticə çıxarılmalıdır.

- Belə fikirlər səslənir ki, Bakıda son illər inşa edilən hündürmərtəbəli binalar həm də təhlükə mənbəyidir. Bu baxımdan paytaxtda bu kimi binaların tikintisinə icazə verilməməlidir. Bu fikirlə razılaşırsınızmı? 

- Hündür binalar bütün meqapolislər kimi Bakımızın da ayrılmaz hissəsidir. Əvvəla hündür (yüksək) bina ölçüsünə aydınlıq gətirilməlidir. Hazırda təxminən 20 mərtəbəli bina adi yüksəklikli sayılır. Hündür binalar tikilib və bundan sonra da tikiləcək. Lakin mən bunu bir yarışa çevirməyin də tərəfdarı deyiləm. Xüsusi ilə yaşayış binalarında. Hündür binanın tikintisinə daha məsuliyyətlə yanaşmaq, yüksəkliklə bağlı yaranacaq bütün problemləri layihələndirmə dövrü nəzərə almaq lazımdır.

Buraya təkcə zəlzələyə davamlılıq deyil, Bakı küləyinin təsiri, mühəndis təminatı, yanğınla, gələcək istisimarı və s. problemlər daxidir. Son illərdə tikilən hündür binaların təhlükə mənbəyi olmasına gəldikdə, ümumilikdə bu, düzgün yanaşma deyil. Adi yanğın normalarının pozulması ilə tikilən birmərtəbəli ticarət mərkəzi, tikinti norma tələbləri əsasında tikilmiş hündür binadan daha təhlükəlidir.

- Alim kimi necə hesab edirsiniz, Yaponiyanın tətbiq etdiyi tikinti üsulunu ölkəmizdə reallaşdırmaq mümkündürmü?

- Yaponiyada tətbiq olunan tikinti üsülü dedikdə yəqin ki, zəlzələ izolasiyalı binaları nəzərdə tutursunuz. Əvvəla bəzən təsəvvürümüz bizi aldadır. Yaponiyada da zəlzələ, digər təbiət hadisələri böyük dağıntılara, insan tələfatına səbəb olur. Təkcə atom elektrik stansiyasının zədələnməsini göstərmək kifayətdir. Hansı ki, bu tip obyektin zədələnməsi heç bir halda yol verilən deyil.

Zəlzələ izolyasiyalı binalara gəldikdə isə, təkcə Yaponiyada deyil, dünyanın bir çox ölkələrındə, o cümlədən Bakıda da müxtəlif zəlzələ izolyasiyalı, seysmik, külək və digər təsirləri söndürən sistemlərdən istifadə olunmaqla binalar tikilir. Lakin hələlik bu sistem heç yerdə kütləvi şəkildə bütün binaların tikintisində tətbiq oluna bilmir.

Yeri gəlmişkən mən Yaponiyadakı izolyasiya sistemi ilə təkcə ədəbiyyatdan tanış deyiləm. Təbii fəlakətlərlə (zəlzələ, sel, sürüşmə və s.) mubarizə təcrübəsi ilə tanış olmaq məqsədiylə Yaponiyada olmuşam. Sanki Yaponiyada uşaqdan böyüyə qədər hər kəs, hər zaman bu hadisələrə hazır vəziyyətdədir. Məncə, Yaponiyanın “sirri” bundadır.

- Belə bir “ənənə” də formalaşıb ki, memarlar, mühəndislər ancaq kişilər olmalıdır. Bu gün ölkəmizdə keyfiyyətli, zəlzələyə davamlı binaları inşa edəcək qadın mütəxəssislərimiz varmı?

- Bu yanaşma doğru deyil. Xüsusiylə layihələndirmə sahəsində qadınların sayı kişilərdən az deyil. Unutmayaq ki, Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid olub. Bütün tikinti mütəxəssislərimizi yetişdirən Azərbaycan Memarlıq və İnşaat Univerisitetinin rektoru, professor Gülçöhrə xanım ölkəmizdən kənarda da yaxşı tanınmış memardır. Bizim universitetin Memarlıq fakültəsində çox sayda peşəkar xanım müəllimlər, istedadlı xanım tələbələr var. Ona görə də bu işin içində olan biri kimi həmin fikirlə razı deyiləm. 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top