Eldəniz Cəfərov: "Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil"

SOSİAL 09 fev 2023, 19:35
AzNews.az analitik-informasiya portalının suallarını nəqliyyat eksperti Eldəniz Cəfərov cavablandırır:

- Cənab Cəfərov, dünən Bakıda ilk tramvayların istifadəyə verilməsindən 99 il keçdi. Ancaq hazırda Bakı şəhərində tramvay xətti yoxdur. Bu xətlər bərpa ola bilərmi?

- Bəli, Bakı şəhərində tramvaylar bərpa oluna bilər. Sadəcə, təəssüf ki, şəhərin mərkəz hissələrində bu tramvay xətlərini çəkmək bir qədər çətinlik törədəcək. Bilirsiniz ki, bir çox yaşayış və qeyri-yaşayış obyektləri tikilib, yollar daraldılıb. İndi tramvay xəttinin mərkəzdə çəkilməsi problem olacaq. Tramvayın olması həm də ona görə vacibdir ki, tramvay ilk növbədə ekoloji təmiz nəqliyyat vasitəsidir. İkincisi, rels üzərində olduğuna görə maneəsiz hərəkət edir və bir nöqtədən digər nöqtəyə vaxtında gedib çatmaq mümkündür.

- Heç olmasa, Bakı şəhərinin bir bölgəsində tramvay xətləri açıla bilərmi?

- Şəhərətrafı ərazilərdə tramvay xətlərinin çəkilməsi mümkündür. Hər bir şəhər sakini kimi mən də arzu edirəm ki, ölkəmizdə də yenidən tramvay daşınması dirçəlsin.

- Trolleybuslar da sərfəli ictimai nəqliyyyat növlərindən biri hesab olunur. Bəs trolleybuslarla bağlı vəziyyyət necədir? Hazırda Azərbaycan ərazilərində trolleybus qalıbmı?

- Trolleybuslar da ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab edilir. Lakin bu gün elektrik mühərrikli avtobusların olması ilə trolleybusların aktuallığı bir qədər itir. Trolleybus xətlərinin çəkilməsi də problematik ola bilər. Ona görə də elektrik mühərrikli elektrobuslar varkən, trolleybuslara artıq ehtiyac qalmır.

- Nəyə görə Minsk və başqa post-sovet ölkələrində trolleybuslar saxlanıldı, amma Azərbaycanda yox?

- Trolleybusların da aqibəti, elə tramvayların aqibəti kimi oldu. Qəfil, bir ayın içində biz artıq gördük ki, trolleybuslardan əsər-əlamət qalmayıb. Yəqin ki, Bakı şəhərinin ictimai nəqliyyatını tənzimləyən müvafiq qurumlar, cavabdeh məsul şəxslər belə qərara gəliblər ki, ekoloji təmiz nəqliyyat vasitələrinə ehtiyac yoxdur. O zamanlar kimsə tərəfindən güclü bir arqument qoyulmayıb. Beləliklə, Bakı şəhər icra hakimiyytində bir nəfərin qərarı ilə Bakı şəhərində trolleybus və tramvaylar da ləğv olunub.

- Bu yaxınlarda ictimai nəqliyyatın qiyməti artırıldı , ancaq hərəkəətin qrafiki, xdaşınma ilə bağlı şoxsaylı problemlər var. Və bu da şəhər sakinlərində müəyyən haqlı narazılqıların yaranmazsına səbəb olur. Verilən gediş haqqına uyğun səviyyədə nələr lazımdır ki, Bakı şəhərində ictimai daşınma tənzimlənsin ?

- İctimai nəqliyyatda qiymət artdısa, o demək deyil ki, keyfiyyət bir andaca yüksələcək. Ən azı 3 ay gözləməliyik. 3 ay ərzində ictimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəlməsi prosesi baş verməlidir. Amma əmin də deyiləm. İctimai nəqliyyatdakı daşıyıcılar qarşısında bir tələblər qoyulsa da, qiymət artımı zamanı onlar bu xidmətdə hər hansı bir keyfiyyətin yüksəlməsi ilə bağlı öhdəlik götürməyiblər. Öhdəlik götürmədikləri üçün, mən düşünmürəm ki, ictimai nəqliyyatda keyfiyyət yüksəlsin. İctimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Marşruta buraxılan avtobus sayı olduqca azdır. Tutaq ki, uzunluğu 30 km olan marşruta cəmi 6-7 avtobus buraxılır. Halbuki, ən azı o ərazilərə 20 avtobus buraxılmalıdır. Təbii ki, belə olan halda vətəndaşlar saatlarla dayanacaqlarda gözləməli olurlar. Yenə də mən müşahidə edirəm ki, marşruta buraxılan avtobusların sayı artırılmayıb. İctimai nəqliyyatda xidmət səviyyəsini yüksəltmək üçün ilk olaraq, avtobusların sayını artırmaq lazımdır. Biz Bakı şəhərində avtobuslar üçün xüsusi zolaqlar da çəksək, yolları ayrıca betonlarla ayırsaq da, əgər marşrutda avtobus yoxdursa, burada keyfiyyətdən söhbət belə gedə bilməz.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top