"Son monitorinqdə ceyranlar Füzulinin Alxanbəyli kəndində müşahidə olunub"

GÜNDƏM 03 fev 2023, 18:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il bir sıra reintroduksiya tədbirləri həyata keçirib. Bu layihələrin 2023-cü ildə də davam etməsi gözlənilir.

Demokrat.az
-ın xəbərinə görə, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. Xidmət rəisinin sözlərinə görə, ceyranların, bezuar keçilərinin, köpkər və bizonların reintroduksiyası aparılıb. 

“Layihənin bu il də davam etdirilməyi planlaşdırmışıq. “Qırmızı Kitab”a salınmış nəcib maralların da öz tarixi areallarında reintroduksiyasına dair bir sıra tədbirlər həyata keçirilir. Reintroduksiya olunan ceyranların sayı 350 başı keçib. Belə layihələrin həyata keçirilməsi üçün IDEA İctimai Birliyi və Vəhşi Təbiəti Müdafiə Fondu ilə birgə addımlar atılır”.

Xidmət rəisi brakonyerlik hallarına rast gəlinməsindən də danışıb:

“Məsələn, Ağgöl və Qızılağac milli parkları ərazisində ov hallarına rast gəlinir. Təəssüf ki, milli parkın ərazisində ov etməyin qadağan olmasına baxmayaraq, son dövrlərdə belə neqativ hallara rast gəlinir. Bu halların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polisi İdarəsinin əməkdaşları ilə birlikdə Ağgöl və Qızılağac milli parklarında gücləndirilmiş iş rejimi tətbiq olunub. Bu məqsədlə əlavə stasionar postların quraşdırılması, əlavə heyətin əraziyə cəlb olunması, müəyyən maneələrin yaradılması, xəbərdaredici lövhələrin quraşdırılması kimi tədbirlər davam edir. Bu kimi hallar baş verdikdə həmin vətəndaşlara qanunvericilik çərçivəsində ciddi tədbirlər həyata keçirilir. İki həftə əvvəl qanunsuz olaraq çöl donuzunun ovlanması faktı aşkarlanıb. Bununla bağlı da qanunamüvafiq tədbirlər həyata keçirilib. Vətəndaşları bu əməllərdən çəkinməyə səsləyirəm. Gəlin, belə brakonyerlik hallarının təbiət üçün atılan müsbət addımları kölgədə qoymasına imkan verməyək.”

F.Əliyevin sözlərinə görə, keçən ilin oktyabrında cənab Prezidentin iştirakı ilə Cəbrayılda 33 baş ceyranın təbiətə buraxılması prosesi həyata keçirilib. Hazırda monitorinqlər davam edir.

“Sonuncu monitorinqlərdə əməkdaşlar ceyranları Füzulinin Alxanbəyli kəndində müşahidə ediblər. Bu, çox müsbət haldır. Cəbrayıl ərazisindəki ceyranların digər ərazilərdə də müşahidə olunması onların əraziyə uyğunlaşdığının göstəricisidir”.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top