Müasir dövrdə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir. Dünyanın əksər ölkələrində bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl və mühüm addımlar atılmaqdadır. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət bəlli strateji xətt üzrə uğurla davam etdirilməkdir. 
Son illərdə Azərbaycanda İKT-nin inkişafı naminə addımlar atılmış və bu sahə dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Sirr deyil ki, ölkə Prezidentinin təşəbbüsü nəticəsində İKT sahəsində səmərəli addımlar atılmaqdadır. Bu gün regionlarda yaşayan gənclər də öz yaşadıqları əraziləri tərk etmədən rəqəmsal sahələr üzrə peşə təhsili almaq və işlə təmin olunmaq imkanlarını sahibdirlər. 
İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür layihələrin bölgələrdə təşkil olunması regionlarda gənclərin İKT üzrə ixtisaslaşmasını sürətləndirə bilər. Onun sözlərinə görə, bütün bunlar da regionda insan kapitalının formalaşmasına önəmli töhfə verə bilər: 
İKT mütəxəssisi qeyd edib ki, bu gün dünyada robot texnika inkişaf etməsi bir çox iş sektorlarında insan əməyini azaldıb:
“İndi dünyanın bir çox ölkələrində robot texnikaya üstünlük verilir. Əlbəttə ki, robot texnikanın idarə olunması, onların vəziyyətinin qorunub saxlanması üçün də İKT sahəsində kadrlara ehtiyac var. Qeyd edim ki, onların texniki tərəfi ilə yanaşı proqram təminatı tərəfi də var ki, bu da mühüm bir məsələdir. Düşünürəm ki, bölgələrimizin İKT sahəsinin inkişafı buna gətirib çıxarda bilər. Bu gün 70-80 faiz nəticələrlə göstəricilər onu göstərir ki, İKT sahəsində inkişaf etmək istəyən, karyera qurmaq istəyən gənclərin böyük faizi paytaxt Bakıya axışırlar. Çünki onlara lazım olan təlim-tədris müəssisələrinin də əksəriyyəti Bakıda yerləşir. Həmçinin, karyera qura biləcəkləri böyük şirkətlər də buradadır. Gənclər də məcbur qalırlar ki, yaşadığı, böyüyüb başa çatdıqları rayonları, qəsəbələri, kəndləri buraxıb paytaxt Bakıya gəlsinlər. İnanıram ki, regionlarda İKT sahəsinin inkişafı üçün mühüm addımlar atılacaq. Pandemiyanın olması da bugün robotexnikaya və distant işə tələbatı artırıb. İnanıram ki, yaxın zamanlarda artıq bunlara ehtiyaclar qalmaz və gənclər özləri yaşadıqları regionlarda özlərini inkişaf etdirərlər və karyeralarını qurarlar”. 
“Həmin müəssisələrdə isə beynəlxalq sertifikatları olan, ali təhsili olan təlimçilər fəaliyyət göstərməlidir. Həm nəzəri, həm praktiki, həm də ki, laborator çalışmalar ilə gəncləri bu sahəyə mükəmməl formada hazırlamalıdır. Bir çox gənclər bu sahəyə necə addım atacağını bilmir. Mən özüm də təlimçiyəm, biz akademiyaları araşdırırıq, maariflənndirmə tədbirlərimiz olur. Görürük ki, bölgələrdə bunlar yoxdur və demək olar ki, sıfıra bərabərdir. Belə təlim-tədris mərkəzlərinə rast gəlinmir. Yaxşı olardı ki, ilk növbədə bütün aidiyyatı qurumlar bunun üzərində çalışsınlar, hətta yalnız paytaxtda deyil, bölgələrimizdə də gənclərimizi İKT sahəsinə cəlb etsinlər. Bu gün seminarlarda və yaxud da tədbirlərdə görürük ki, İKT sahəsinə çox az bir kütlə maraq göstərir. Hesab edirəm ki, təbliğat önəmli rol daşıyır və gənclərimizə bu, bir o qədər təbliğ olunmadığı üçün maraq da yoxdur. Sırf bu sahəni istəyənlər gənclər isə isə iki yerə bölünür: qərarlı və qərarsız. Qərarlı gənclər bu sahə üzrə özünü inkişaf etdirməyə qərar verir. Ancaq qərarsız gənclər fikirləşir ki, kolleci və universiteti bitirdim və indi kim olmalıyam, özümü harada tapmalıyam? Mən nəyi bacarıram, nəyə qadirəm? Bu cür gənclərə dəstək olmaq lazımdır ki, onlar həm qərara verə bilsinlər, həm də İKT sahəsində həqiqətən də bacarıqları varsa, bunlar dəyərləndirsinlər. Bölgələrdə fəaliyyət göstərən qurumlar və müəssisələr də gənclərə dəstək məqsədi ilə onları təcrübələrə cəlb etməlidirlər ki, həmin gənclər öz təcrübələrini keçsinlər”. Ekspert bəzi regionlarda internetin normal vəziyyətdə olduğunu bildirib: 
BDU-nun Jurnalistika fakültəsinin dosenti Zaur Babayevin fikrincə, böyük meqapolislərdə kommunikasiya xətləri daha yaxşı işləyir. Onun sözlərinə görə, dövlət qurumları, bütün strukturlar böyük megapolislərdə yerləşdiyinə görə onlara daha çox fikir verilir:
“Son zamanlarda baş verən proseslərdə məlum oldu ki, regionlarda da internet yaxşı işləməli və nternetin sürəti yüksək olmalıdır. Bildiyimiz kimi, pandemiya dönəmində internetə ehtiyac daha çox oldu. Şagirdlər, tələbələr distant təhsil aldılar, tibb sahəsində də internetə tələbat artdı. Əgər bir neçə il bundan əvvəl regionlarda internet yalnız mobil əlaqə ilə saxlanılırdısa, adi stasionar telefonlara qoşulmaq mümkün idisə, indi artıq geniş zolaqlı internetin yayılması prosesi gedir. İnanıram ki, yaxın gələcəkdə regionlarımızda internetin sürəti daha çox olacaq. Bizə birinci davamlı internet, ikinci isə sürətli internet lazımdır. Yəni, şagirdlər onlayn dərs keçirsə və yaxud hansısa proseslər internet sistemində gedirsə, ən az informasiya təhlükəsizliyi qorumaq üçün biz daha çox regionlarda, məsələn Naxçıvanda, Qazaxda, Astarada internetin işlənməsinə daha çox üstünlük verməliyik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu sahədə müəyyən işlər görür və bu son işləri çox bəyənirəm. Bu yaxınlarda regionlarda oldum. Gəncədə, Şəkidə, Şamaxıda, Astarada internetin yeni optik zolaqlarının çəkilməsinin şahidi olmuşam, yəni artıq bu proseslər gedir. Doğrudur müəyyən xərclər var və bu xərclərdən narazıyam. İnanıram ki, dövlət bunu öz üzərinə götürməlidir”. 
“Bizdə nədənsə kommerdiya xidmətinə maraq daha çoxdur. Əslində, kommersiya xidməti çox da baha deyil və keyfiyyəti daha yaxşıdır. Əgər hansısa balaca bir kənddə, şəhərcikdə və yaxud qəsəbədə internet çəkilirsə, ona daha çox meyillidirlər. Çünki orada həm sürət çoxdur, həm də dayanıqlıdır. Yəni, o bilavasitə avtomatik telefon stansiyalarına qoşulu deyil. Bizdə artıq ATS-lərdən nadir hallarda istifadə edilir və o praktika yavaş-yavaş dayandırılır. Yəni, internet xətti ayrı zolaq olmalıdır, bu ayrı zolaq olmaq üçün də dirəklər hazırlanmalıdır, adi opyik xətlər çəkilməlidir. Hazırda bu proseslər də Azərbaycanda gedir. Dövlətin təhlükəsizliyi, dövləti maarifləndirmək üçün əhalini daha çox məlumatları almağa imkan yaratmaq üçün proseslər getməlidir və gedir”. 
“Bu gün cəmiyyətdə daha çox differensiyalaşma gedir.Bu differensasiyada daha çox şəxsi maraq və şəxsi iradə tələb olunur. Oğlanlar və qızlar var ki, doğrudan da bu sahədə oxumağa həvəsləri var və onlar məcburdurlar ki, hardansa nəyisə tapsınlar. Onlardan bu sahə üçün müəyyən bir iradə və güc tələb olunur. Sovet dövründə hər şey məcburi idi, o mənada ki, hər bir sahə üzrə oxumağa məcbur idin. İndi kimin bacarığı varsa ki, çalışırlar ki, İKT sisteminə daxil olsunlar. Proqramlaşdırma dilindən tutmuş müxtəlif İKT maraqlarına qədər burada böyük güclü seçim var. Son 20 ildə differensiyalaşma tək bizdə deyil, bütün dünyada gedir. Artıq gənclər müəyyən bir sahəni seçəndə, o biri sahəyə fikir yetirmir. Təbii ki, bu da xoş olmayan mənzərədir. Ümumiyyətlə, regionlarda bu sahə üzrə bir sıra dövlət proqramları olsa da, gənclərin bu sahəyə marağı bir o qədər də yoxdur. 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Aynurə Pənahqızı Demokrat.az

