"Dərmanlarla bağlı məsələni dəfələrlə qaldırmışam, amma həll edən yoxdur” — Deputat

GÜNDƏM 06 dek 2022, 22:30
“Son günlərdə uşaq ağrıkəsiciləri və qızdırmasalıcı dərmanlara apteklərdə rast gəlinmir. Bu barədə bir neçə həkim şəxsən mənə yazıb və zəng edib. Bu, biabırçılıqdır! Cərrahiyyə əməliyyatı aparan və uşaqları müalicə edən həkimlər apteklərdə dərmanların olmamasından şikayət edirlər”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, ölkədə dərmanların tapılmamasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər, ancaq buna baxmayaraq vəziyyətdən çıxmaq üçün alternativ yollar da mövcuddur:

“Rusiya-Ukrayna müharibəsi 9 aydır gedir. Bəlkə bundan sonra da bir doqquz ay gedəcək?! Niyə aidiyyatı dövlət qurumunda işləyən adamlar bu məsələyə aydınlıq gətirmirlər? Neçə dəfə parlamentdə çıxışım olub ki, dərman şirkətləri bu dərmanları başqa ölkəylə, ən yaxşısı Türkiyənin dərman şirkətləri ilə danışa bilərlər və oradan alıb gətirə bilərlər. Mən Səhiyyə Nazirliyinə də, digər aidiyyatı qurumlara da müraciət edirəm ki, bu işlə ciddi məşğul olsunlar! Məsələ ilə əlaqədar böyük narazılıqlar var. Bununla bağlı bir neçə həkim mənə şəxsən yazıb. Onlar Parasetamol, Panadol, Tylol, İbuprofen, Nurofen kimi dərmanların apteklərdə yoxa çıxdığını bildirirlər. Bu, ciddi problemdir. Bununla bağlı Səhiyyə Nazirliyinə məktub hazırlayacağam ki, bunu ciddi nəzarətə götürsün. Bundan başqa adrenalin, kardoaspirin və s. kimi dərmanlar da uzunmüddətdir ki, apteklərdə yoxdur və bugünədək də tapılmır. Dərmanlarla bağlı məsələni dəfələrə mətbuatda demişəm, parlamentdə qaldırmışam, amma bunu həll edən yoxdur. Mən bu məsələylə əlaqədar daim çıxış edəcəyəm və çalışacağam ki, bu məsələyə aydınlıq gətirsinlər”.

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top