“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans dünyanın diqqət mərkəzində

SİYASƏT 28 noy 2022, 15:41
Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə birgə beynəlxalq konfrans təşkil edirlər. Həmin tədbirlərdə regionda baş verən hadisələrin müzakirəsinə xüsusi önəm verilmiş, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri gündəmə gətirilib. Konfranslarda  səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli  media  üçün dəyərli fikirlərdir.          
                                                                     

Sonuncu konfransda əsas müzakirə region üçün çox önəmli olan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda oldu.  Qürurla deyə bilərik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində  işğal altında olan torpaqlarımızı azad etməsi ilə  regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yarandı.

Prezident İlham Əliyevin konfransdakı çıxışı  və ona ünvanlanmış suallara cavabı böyük maraqla qarşılandı.  Dövlət başçımız  mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə evsahibliyi etdiyinə görə ADA Universitetinə  xüsusi təşəkkürümü bildirdiə Qeyd etdi ki, əvvəlki və budəfəki müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və  ölkəmizin regiondakı qarşılıqlı əlaqələrinin daha yaxşı qavranılmasına töhfə verəcək. Budəfəki mövzu Orta Dəhliz məsələsinə həsr olunmuşdu.  Təbii ki, mövzunun əhatəliliyi daha geniş  idi. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalı idi. Aydın məsələdir ki,  təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil.

Dövlət başçımızın qeyd etdiyi kimi, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Hazırda  Azərbaycanın beynəlxalq  aləmdə  oynadığı rol , düşüünülmüş daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.

Konfransda dünyanın tanınmış diplomatlarının, siyasi xadimlərin, aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı və onların dövlət başçımıza ünvanladıqları suallar tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə, Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm,  Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim,  Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher,  Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts,Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal, Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Pol, ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran, ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz  kimi, dünyada tanınmış diplomat və ekspertlərin dövlət başçımıza ünvanladıqları süallardan  dolğun və məzmunlu cavab almaları razılıqla qarşılandı.

Konfrans iştirakçılarına bildirildi ki, ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşmək və bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. Bununla yanaşı,  Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.

Həmçinin, ölkəmizdə hava limanları layihələrinin tamamlanması prosesi gedir. İşğaldan azad edilmiş ərazilərdə artıq  beynəlxalq miqyaslı iki hava limanı inşa edilib. Tikilməkdə olan  Laçın hava limanı  işğaldan azad edilmiş ərazilərdə üçüncüsüdür. Bununla da ümumilikdə, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.

Prezident diqqətə çatdırdı ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb. Tədbir iştirakçılarına da bəlli oldu ki, iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.  

Dövlət başçımız, həmçinin Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalandığını, Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf  etdiyini diqqətə çatdırdı və bildirdi ki, hazırda  təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz;

İran və ya Ermənistanın  regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəciyini diqqətə çatdıran möhtərəm Prezidentimiz Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlüklərinin olmadığını bildirdi. Diqqətə çatdırdı ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir.

Prezident İlham Əliyev digər sualları da cavablandırarkən, Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələrdən söhbət açdı. Qeyd etdi ki, Azərbaycan, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırır.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top