Fərhad Əhmədov nəyin axtarışındadır? — ARAŞDIRMA

GÜNDƏM 20 noy 2022, 19:20
Fərhad Əhmədovun bir milyarder və bir azərbaycanlı kimi öz ölkəsinə münasibəti heç zaman birmənalı olmayıb. Zaman-zaman o fərqli qüvvələr sırasında yer alıb. Və imkan düşdükcə ortaya siyasi iddia da qoyub.

Lakin o, siyasi iddiasını gerçəkləşdirmək üçün xarici havadarlarının sevgisini qazanmağa çalışıbmı? Biz bunu son 30 ilin müxtəlif dönəmlərində görmüşük.

Fərhad Əhmədov “Milyarderlər klubu”nun  ilhamvericisi kimi

10 il öncə Rusiyada Azərbaycana qarşı siyasi məqsədlər üçün yaradılan “Milyarderlər klubu”nun ən fəal dəstəkçilərindən biri məhz Fərhad Əhmədov idi. O, böyük həvəslə bu “klub”un tədbirlərinə qatılırdı. Hətta mətbuat konfranslarını da qaçırmırdı.
 
Bütün bunlarsa elə belə deyildi. Bu, ona milyarder olmaq imkanı verən bir dövlət qarşısında bir öhdəçilik idi. Missionerlərinsə tələbi bu idi ki, Azərbaycan dünyanın qarışıq bir bölgəsinə çevrilsin. Anti-milli və anti-dövlət maraqlardan formalaşan bu istəyin icraçılarından biri də məhz Fərhad Əhmədov idi.

Bu, Azərbaycandakı sabitliyi və ictimai-siyasi vəziyyəti qarışdırmaqla bəzilərinə öz sədaqətini göstərmək və öz əməli “töhfəsini” vermək istəyi idi.

Milyarder Azərbaycan üçün niyə “yol xəritəsi” hazırlamışdı?

2019-cu ilin sonunda Azərbaycan parlament seçkilərinə hazırlaşırdı. Məhz həmin dövrdə Fərhad Əhmədov yenidən öz siyasi iradəsini ortaya qoymaq istədi.

Milyarder o zaman hətta Azərbaycanın gələcək inkişafıyla bağlı “yol xəritəsi” ilə “çıxış etdi”. Geniş bir yazı yazdı. Bu yazısında Fərhad Əhmədov dövlətçilik və milli maraqlardan daha çox ölkəmizdəki “5-ci kolon”un maraqlarını irəli çəkirdi.
Fərhad Əhmədov yazısında növbədənkənar parlament seçkilərini dəstəklədiyini bildirsə də Milli Məclisin tərkibində qruplaşmaların, təsadüfi adamların olduğunu qeyd etmişdi.

Əslində milyarder bu yazısı ilə özünü Azərbaycan cəmiyyətinə “konstruktiv müxalifət” kimi təqdim edirdi. Ona görə də Fərhad Əhmədovun bu çıxışını Əli Kərimli və onun ətrafına toplaşan ünsürlər də  həvəslə dəstəklədi.

Əli Kərimli Fərhad Əhmədovu niyə dəstəklədi?

Əli Kərimlinin Fərhad Əhmədovun “yol xəritəsinə” isti yanaşması tamamilə başa düşülən idi. Çünki, Əli Kərimli üçün Fərhad Əhmədov tam istədiyi şəxs idi. Həm milyardları vardı, həm də xarici qüvvələrin himayəsində idi. Lakin Fərhad Əhmədovun “yol xəritəsi” yaxın çevrəsindən və anti-milli qüvvələrdən başqa heç kimin diqqətini çəkmədi. 

Fərhad Əhmədov Göyçayda Ramiz Mehdiyevin emissarı ilə nələri müzakirə edib?

Fərhad Əhmədov təkcə “yol xəritəsi” hazırlamırdı. Həm də fürsət düşdükcə müxtəlif  daxili danışıqlara da gedirdi. Əldə etdiyimiz məlumatlara görə milyarder o zaman Göyçaydakı villasında mütəmadi olaraq Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bir araya gəlirmiş. Hətta bu görüşlərin birinə Mehdiyev özü də qatılıb.

Bu görüşlərdə yeni formalaşacaq parlamentdə “5-ci kolona” yaxın daha çox deputatın təmsil olunması məsələsi müzakirə edilib.

Fərhad Əhmədov öz çirkin oyunlarından heç zaman əl çəkmədi. Öz ağalarından aldığı göstərişlərlə Azərbaycanda aranı qarışdırmağa fürsət gözlədi. Üstəlik, missionerlərinə özünün digər fərdi yardımlarını  da təklif etdi. Nəticədə o da Avropa İttifaqının “qara siyahı”sına düşdü.
Fərhad Əhmədov mövgeyini dəyişir?

Di gəl ki, milyarder bu sanksiyalarla razılaşmadı. Digər sanksiyaya məruz qalanlardan fərqli olaraq  Fərhad Əhmədov Avropa İttifaqına müraciət edib və ona qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

Aİ milyarderin müraciətinə hələki cavab verməyib. Amma burda bir maraqlı sual ortaya çıxır.

Fərhad Əhmədov öz ağasını dəyişməkmi istəyir?

Bu sualın cavabını isə artıq zaman göstərəcək...(Bizim. Media)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top