“Proseslər lokal da olsa, qarşıdurmalara doğru gedir“ — Ramil Məmmədli

SOSİAL 17 noy 2022, 16:14
“Artıq Azərbaycan uzunmüddətdir ki, erməni silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin Birinci Əlahiddə ordusunun korpusunun, həmçinin Araik Harutyan, Vitali Balasanyan və digərlərinə tabe olan Dağlıq Qarabağdakı separatçı silahlı birləşmələrinin ərazidən çıxarılmasına, tərkisilah olunmasına dair tələbkər irəli sürüb. Bu tələblər də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələdir. Həmin bəyanatın 4-cü bəndində erməni silahlı birləşmələri rus sülhməramlı qüvvələrinin Qarabağa daxil olması ilə paralel olaraq ərazidən çıxarılması öhdəliyini icra etməlidir. Lakin bu indiyədək icra olunmayıb. Çox az hissəsi Ağdam, Kəlbəcər və Laçın ərazisindən çıxarıldı, ancaq Qarabağın dağlıq hissəsində qaldılar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O qeyd edib ki, son iki il ərzində erməni silahlı birləşmələri Qarabağ ərazisində davamlı olaraq təxribatlar törədiblər.

“Ümumiyyətlə, mən Qarabağa səfərimdə də gördüm ki, erməni hərbi birləşmələri sözün əsl mənasında müharibə hazırlığının mərhələsindədirlər. Belə olan təqdirdə Azərbaycan ordusunun adekvat addım atmaqdan başqa yolu yoxdu, yəni antiterror əməliyyatını keçirilməsindən başqa yolu yoxdur. Əgər Ermənistan öz hərbi birləşmələrini ərazilərimizdən çıxarmasa bu baş verə bilər. Başqa bir məsələ Ermənistan doğurdanmı, öz hərbi birləşmələrini oradan çıxaracaq? Doğurdanmı, erməni silahlı birləşmələri, separatçılar oradan çıxarılacaq? Mən şəxsən bu tezliklə bu hadisənin baş verəcəyinə inanmıram. Çünki əksinə Qərb və Rusiyanın bəzi qüvvələri onlara dəstək verməkdədir. Daha dəqiq Araik Harutyan xətti ilə Nikol Paşinyan və Qərb qüvvələri Fransanın verdiyi dəstək çərçivəsində, yəni sonuncu Fransa Senatının qətnaməsini əsas götürərək qeyd etmək lazımdır ki, Qarabağdakı ermənilərə sanki bir stimul verirlər. Nəinki orada yaşamaq, hətta orada qondarma bir qurumun formalaşdırılması üçün bir stimul verirlər. Bundan başqa, Ruben Vardanyan və Vitali Balasanyan xətti ilə Rusiyanın da bəzi dairələri Qarabağdakı separatçılara öz dəstəklərini nümayiş etdirirlər. Biz Xankəndidə sonuncu aksiyada, mitinqdə bunu açıq şəkildə gördük. Hesab edirəm ki, bütün bunlar təbii Qarabağ daxilində Qərb və Rusiya klanı arasında qarşıdurmadır. Yəni, Araik Haruntyan Qərb, Ruben Vardanyan və Vitali Balasanyan isə Rusiya xətti olaraq qarşıdurmadadır. Bu, daxili məsələlərdir. Amma, ümumillikdə Azərbaycana qarşı çox aqressiya hiss olunur və buna da hazırlıq hiss olunur. Bu baxımdan ermənilərin Qarabağ ərazisindən hər hansı hərbi birləşmənin çıxaracaqlarına inanmıram.

 Hesab edirəm ki, proseslər lokal da olsa, yəni konkret ərazi istiqamətiylə də olsa qarşıdurmalara doğru gedir və Ermənistanın qeyri-konstruktiv mövqeyi də bundan xəbər verir, yəni sülh müqaviləsinin imzalanması ilə bağlı. Hər halda qarşıda gələn bir ay, ay yarım ərzində, təxminən yanvar ayına qədər  biz bu məsələlərlə bağlı  bəzi məsələlərin aydınlaşacağına ümid edirik. Lakin mən şəxsən düşünmürəm ki, qarşıda gələn 2 ay ərzində Ermənistan özündə siyasi iradəsini nümayiş etdirib sülh müqaviləsinə imza atar və Qarabağ ərazisindən silahlı birləşmələrini çıxarda”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top