Tehran mediası Azərbaycana qarşı həddini aşır — TƏHLİL

MEDİA 10 noy 2022, 14:34
Mollalar sosial medianın Azərbaycan seqmentində onlarla səhifələr qurub, Azərbaycanın tanınmış şəxslərini və qurumlarını hədəfə alıblar

Zəhərli “Səhər”

İranın dövlət səviyyəsində Azərbaycan əleyhinə bir müddətdir davam edən açıq fəaliyyəti təbii ki, Tehran mətbuatının diqqətindən kənarda qala bilməzdi. Bu mətbuatın sırasında Azərbaycan dilində yayımlanan “Səhər” dövlət televiziyasının xüsusi canfəşanlığı diqqət çəkir. Bu telekanalın Azərbaycan dilində yayımlanması ilk baxışdan İranın ərazisində yaşayan azərbaycanlıların ana dilində televiziyasının olduğu görüntüsü yaratsa da, məqsəd məhz anti-Azərbaycan təbliğatı aparmaqdır.

İranın dövlət televiziyası olan “Səhər” kanalı uzun illərdir fəaliyyət göstərir, Azərbaycan dilində yayımlanır. Elə bu uzun illər ərzində də Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı fəaliyyət bu kanalın əsas məqsədi olub. Burdan da kanalın məhz Azərbaycan dilində yayımlanmasının əsas mahiyyəti ortaya çıxır - azərbaycanlılara, Azərbaycan dövlətinə qarşı elə onların öz dilində mübarizə aparmaq.

Son vaxtlar isə “Səhər” televiziyası bütün hədləri aşaraq, Azərbaycan Respublikasına qarşı açıq düşmənçilik etməyə başlayıb.

Kanal demək olar ki, hər gün Azərbaycan Respublikası, onun rəhbərliyi əleyhinə şər-böhtan dolu verilişlər verir, müzakirələr açır, ölkəmizdə separatizm meylləri yaratmağa çalışır.

“Səhər” televiziyası efirindən Azərbaycana qarşı zəhər yayır, separatizm meylləri aşılayır. Guya Naxçıvanda yaşayan əhalinin İrana birləşmək niyyəti barədə qondarma İran Naxçıvan Xalq Hərəkatı adından yayılmış bəyanatı tirajlayır, bu mövzunu müzakirəyə çıxarır. Tehranın və “Səhər” kimi ruporlarının yalanları isə İranın Azərbaycandakı qulbeçələri tərəfindən sosial şəbəkələrdə yayılır.

Məqsədyönlü şəkildə ortaya atılmış bu cür cəfəng fikirlərə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) artıq münasibət bildirib. DTX-nın məlumatında qeyd olunub ki, son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb. Məlumatda deyilir ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.

Lakin İran dairələri və Tehran mətbuatı, o cümlədən “Səhər” kanalı yenə də məkrli planını davam etdirir. Mənasız, ürək bulandıran bu niyyətlərin perspektivsiz olduğunu onlar özləri də yaxşı başa düşür. Lakin məqsədlərindən əl çəkmək istəmirlər.

Tehran mediası dayanmır

Azərbaycan DTX-nın İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi isə Tehranı və onun “Səhər” kimi ruporlarını daha da qıcıqlandırıb.

DTX-nın məlumatından aydın olur ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik etmiş şəxslər hazırda İran ərazisində gizlənir.

Məlumatda deyilir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb, bir neçə nəfər saxlanılıb.

DTX-nın məlumatında diqqət çəkən məqamlardan biri hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsidir. Buradan aydın olur, İranın Azərbaycandakı səfirliyi də ölkəmiz əleyhinə fəaliyyətdə yer alır. Tehran bununla, çirkin niyyətini artıq açıq şəkildə ortaya qoyur.

Belə olmasaydı, Azərbaycan dövlətinin axtarışa verdiyi şəxslərə qucaq açmazdı.

Xatırlatmaq yerinə düşər ki, Baş prokuror Kamran Əliyev bu ilin avqustunda İrana səfər zamanı barəsində məhkəmə qərarı olan 41 Azərbaycan vətəndaşının İranda gizləndiyini bildirmiş, onların siyahısını iranlı həmkarına təqdim etmiş, bu şəxslərin ölkəmizin təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözlədiyimizi bildirmişdi. Lakin bu müddət ərzində həmin şəxslər nəinki Azərbaycana qaytarılıb, əksinə, İran və Tehran mətbuatı bu kimi şəxslərin Azərbaycan əleyhinə istifadəsini daha da aktivləşdirib.

DTX-nın məlum bəyanatına İran tərəfinin reaksiyası isə sadəcə, acı gülüş doğurur. Azərbaycanda planlaşdırdığı çirkin niyyətləri ifşa olunan Tehran DTX-nın məlum açıqlamasından sonra məlumat yayıb. Məlumatda bir müddət əvvəl Şirazda törədilmiş terror aktının əsas təşkilatçısının guya Azərbaycan vətəndaşı olduğunu açıqlayıb. Əslində, bu gülünc ssenari Azərbaycanda ifşa olunmuş İran kəşfiyyatının özünü təmizə çıxarmaq cəhdi, yaxud Azərbaycana təzyiq mexanizmindən başqa bir şey deyil.

İranın açıq və çirkin niyyətini digər faktlarla da zənginləşdirmək olar. “Səhər” və digər zərərli ruporlar efirlərində Azərbaycan əleyhinə yerli-yersiz mövzular qoyur, rəsmi şəxslərə, ayrı-ayrı ekspertlərə, eləcə də müxtəlif cinayət əməllərinə görə Azərbaycandan qaçaraq İranda sığınacaq tapmış fərdlərə bu mövzuda ölkəmizə qarşı danışmaq üçün gen-bol imkan yaradır.

Sosial şəbəkələrdə Azərbaycan mediasına qarşı feyk hücumu

Tehran mediası rejimdən aldığı təlimatla Azərbaycan mətbuatını, media rəhbərlərini də hədəfə alıb. Ölkəsində baş verən narazılıqları, bir neçə aydır davam edən etiraz aksiyalarını, toqquşmaları gözardı edən İran mətbuatı Azərbaycanın media qurumlarının, onun rəhbərlərinin ünvanına təhqirlər, hədələr yağdırır. İrandakı etiraz aksiyalarının Azərbaycan mediasında işıqlandırılması, Azərbaycan mətbuatının Güney Azərbaycanda baş qaldıran hərəkata olan xəbər marağı Tehran mediasını və molla rejimini qıcıqlandırır. Çox təəssüf ki, İranın Azərbaycanın içində və bəzi siyasi partiyalardakı emissarları da bu fəaliyyətdə xüsusilə maraqlı görünürlər. Son vaxtlar sosial mediada Azərbaycanın tanınmış media orqanlarına qarşı təxribatlar çoxalıb. Bu təxribatların tirajlanmasında isə İranın Azərbaycan mediasına və siyasi partiyalarına yerləşdirdiyi agentləri xüsusi rol oynayır. Tehran mediasından başqa sosial şəbəkələrdə yaradılmış çoxsaylı səhifələrdə Azərbaycanın məmurları, media nümayəndələri, siyasətçiləri barədə təhqir dolu və feyk məlumatlar paylaşılır. Hədəfə götürülən şəxslər və qurumlar isə dövlətçi mövqeyi ilə həmişə fərqlənmiş şəxslər olublar.

Məsələ ondadır ki, molla rejimi bu qədər emissarı bəsləməkdən, bu qədər mənasız və heç bir effekt doğurmayan feyk məlumatlar paylaşan səhifələr yaratmağa pul xərcləməkdənsə, öz xalqının rifahı üçün vəsait xərcləsə, heç bir narazılıq da yaranmayacaqdı. Azərbaycanı hədəfə almaq mollaları xalqının qəzəbindən qurtarmır.

Molla rejiminin menyusuna...

Tehran rejiminin, onun media qurumlarının Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərini həzm edə bilmədiyi göz önündədir. Azərbaycanın 44 günlük müharibə ilə regionda yeni reallıqlar yaradığını daha çox İran qəbul edə bilmir, hətta Ermənistandan da artıq buna etiraz edir. Gah Zəngəzur dəhlizinə qarşı çıxır, gah sərhədlərin toxunulmazlığının “qırmızı xətt” olduğu nədənsə 30 il sonra yadına düşür, gah qaçaqaçla Qafanda suvağı qurumamış binada Baş konsulluğun açılışını edir, gah guya Naxçıvanda hansısa X vətəndaşın İrana birləşmək istəyi barədə nağıllar uydurur, gah Şirazda törədilmiş terror aktının yenə də Azərbaycanın hansısa X vətəndaşı tərəfindən planlaşdırdığını bildirir, gah da... İranın çırpınışlarının təsdiqi olan bu siyahını uzatmaq da olar. Tehran rejimi hər sahədə ifşa olunduğunu görür, Azərbaycanın düşmənləri ilə dost münasibətlərinin üzə çıxmasından əndişələnib, əsl simasını artıq gizlədə bilmir. Odur ki, Azərbaycan dövlətini, onun rəhbərliyini, mətbuatını hədəfə alan addımlar atır. Lakin Tehran artıq çoxdan anlamalıydı ki, Azərbaycan artıq 30 il əvvəlki deyil. Azərbaycan dövləti ərazi bütövlüyünü təmin edib, bu gün nəinki öz vətəndaşlarının qayğısına qalır, onların rifahı üçün çalışır, həm də bütün dünyadakı, o cümlədən Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarını da müdafiə etmək qüdrətindədir.

APA Analytics


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top