“Qarabağda rus icmasının yaradılması təxribatdır”

SİYASƏT 01 okt 2022, 15:25
“Qarabağın bütövlükdə işğalçılardan təmizlənməməsi zaman-zaman müxtəlif maraqlı qüvvələrin ölkəmizə qarşı təxribatlarının meydana çıxmasına səbəb olur. Hazırda Qarabağ məsələsi üzərində həm Ermənistan, həm Qərb ölkələri, həm də Rusiyanın təzyiq alətləri ilə üzləşirik”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Analitikin sözlərinə görə, Azərbaycanın nəzarəti altında olmayan ərazilərində rus icmasının yaradılması tamamilə qanunsuz addım olub və siyasi məqsədlər daşıyır:

“Çünki hazırda ölkəmizdə hər hansı xalqın sıxışdırılması ilə bağlı heç bir fakt yoxdur və dövlət səviyyəsində azsaylı xalqların mədəni dəyərlərinin qorunması ilə bağlı işlər görülür. Üstəlik, azərbaycanlıların fərqli dəyərlərə qarşı tolerantlığı da bu sahədə hər hansı bir problemin ortaya çıxmasının qarşısını alır. Ona görə də, hələ də dövlətin nəzarəti altına keçməyən ərazilərdə rus icmasının yaradılması təxribat xarakterli addım kimi səslənir”. 

Bakıda rus icmasının fəaliyyət göstərdiyini qeyd edən ekspert əlavə edib ki, əlavə olaraq yeni belə bir müstəqil qurumun yaradılmasına ehtiyac yoxdur:
“Əgər işğal altndakı ərazilərdə rus dəyərlərinin müdafiəsi ilə bağlı addım atmaq lazım idisə, bunu Bakıdakı rus icması qaldırıb müvafiq tədbir görülməsinə çağırış edə bilərdi. Görünür, belə bir problem yoxdur ki, Bakıdakı rus icması səsini çıxarmır. Qarabağda azsaylı xalqların dəyərlərinə qarşı təhdid varsa, bununla bağlı da Azərbaycan dövləti özü tədbir görəcək. Çünki ordumuz erməni təxribatlarına qarşı vaxtaşırı əməliyyatlar həyata keçirir. Ümid edirik ki, yaxın günlərdə bütün separatçı və təxribatçı qüvvələrdən ərazilərimiz təmizlənəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top