Şəbnəm Həsənova: "Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq"

SİYASƏT 30 sen 2022, 18:38
“Rusiya-Ukrayna müharibəsinin start götürməsindən yeddi aydan çox vaxt keçməsinə baxmayaraq elan edilmiş qalib ya məğlub tərəf və tərəflər bəlli olmadığından necə bitəcəyi haqqında da eyni vaxtda bir-birini istisna etməyən, lakin eyni zamanda inandırıcılıq daxilində qalan potensial, müxtəlif çoxkombinasiyalı ssenarilər və fərziyələr mövcuddur. Məsələn, hətta Qərbin Rusiyanın uduzmaq istəyi ilə Ukraynanın qalib gəlmək istəyi arasında fərq olduğunu iddia edənlər də var. Düzgün ya yanlış, haqlı ya haqsız olması məsələsinə hələ toxunmadan müharibənin daha az itki ilə bir an öncə bitməsi ssenarisini müdafiə edənlər hesab edirlər ki, bu məsələdə ən yaxşı ya pis ssenaridə indiki məqamda olsa belə qalib və məğlub elan edilmədən silahlar yerə qoyulmalıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

“Bu yanaşmanın məhz o detalını nəzərə alıb bildirək ki, dəqiq nəticə elan olunacağı təqdirdə beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərin, əsaslı yeniliklərin şahidi olacağıq. Bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda sualları cavablandırarkən də bildirmişdi ki, “Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq”.  Hadisələrin nəticəsini Cənubi Qafqaz, Azərbaycan prizmasından analiz edərkən, Azərbaycan xarici siyasətinin ən böyük uğurlarını təmin edən başlıca yanaşma hətta ən kritik məqamda belə proaktiv diplomatiya ilə təşəbbüskarlıq göstərmək, güclərin balansı arasında da balans tapa bilməsidir. Yəni, ilkin olaraq strategiyanı müəyyənləşdirərək vəziyyətə nəzarət önəmlidir”. 

Politoloqun sözlərinə görə, təhlükəsizliyimizin, stabilliyimizin qorunub saxlanılması ilə yanaşı müstəqil siyasət yürüdən dövlət kimi milli maraqlarımızın ali mərtəbədə tutulması, istənilən tərəfin mütləq pozitiv və nisbi neqativ olmaqla xarici amillərinə sayıq yanaşaraq siyasətimizi daha çox hansı istiqamətdə inkişaf etdirmək üçün lazım olan amil birliyimizdir ki, o da bizdə mövcuddur:

“Sözsüz ki, region ölkələrinin də bizə münasibətdə yanaşması vacibdir. Bu baxımdan da regionun necə olacağı sadəcə sözügedən müharibənin nəticəsindən deyil, hansı tərəfin nisbi və mütləq üstünlüyü fonunda regional dövlətlərin də yürüdəcəyi meyilli siyasətdən asılı olacaq. Sadəcə Rusiya, ya ümumilikdə Qərb bloku ilə olan münasibətlər deyil, həm də bölgənin önəmli aktoru Türkiyənin regionda varlığı, iki qardaş dövlətin sinxron addımları, Azərbaycanla İsrail arasında mövcud olan sıx əməkdaşlıq və isti münasibətlərin mövcudluğu, İsrail-Türkiyə münasibətlərinin yeni inkişaf tendensiyası, Azərbaycan-Pakistan münasibətləri, 22 fevral 2022 Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamə, mövcud reallıqdan yola çıxaraq Şimal-Cənub marşrutu üzrə yükdaşımaların artırılması, Zəngəzur dəhlizinin açılmasında oxşar baxışlar, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana son səfəri zamanı alınan qərarlar da olduqca vacibdir”. 

“Bir sözlə, yeni təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi milli maraqlarımızın təminatından keçir. Yəni, praktikada regiona hansı geosiyasi və geoiqtisadi dinamikanın təsir edəcəyini daha dəqiq müəyyən etmək üçün bir-biri ilə sıx əlaqəli və lazım gəldikdə iki tamamilə ayrı yol kimi deyil, birləşdirilmiş şəkildə nəzərdən keçirilməlidir. Lakin bu bütöv yanaşmanın Qərb blokunun özünün daxilindəki aktorlara da aid edilməməli olduğunu özləri göstərirlər. Məsələn, Azərbaycanın enerji resursları fonunda ölkəmiz Avropanın təhlükəsizlik strategiyası üçün bilavasitə və birbaşa maraq kəsb etməli olan geostrateji vektordur. Avropa İttifaqının vasitəçiliyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür, yəni sülh gündəliyinə sadiqlik mövcuddur. Lakin bir tərəfdə ABŞ, Fransa, digər tərəfdə İtaliya kimi digər ölkələrlə də olduqca fərqli, müxtəlif və individual yanaşma tətbiq olunmalıdır. Bir sözlə, enerji siyasətimiz kimi xarici siyasətimiz də çoxşaxəli olduğu qədər, həm də balanslıdır. “Dünyanın yeni düzəni necə olacaq?” sualının cavabını isə ən düzgün şəkildə dövlət başçımız verib ki, “Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top