“Ətraf ölkələrə təhlükə yaradan rus xofu bir dəfəlik dəfn ediləcək” — ŞƏRH

GÜNDƏM 02 sen 2022, 14:52
Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib ki, Rusiya rəhbərliyi payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır. Ekspertlər isə vurğulayırlar ki, Vladimir Putinin Ukraynadakı “anti-Rusiya anklavını” aradan qaldırmaq planlarını açıqlaması, həmçinin ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması Rusiya prezidentinin bütün ölkəni ələ keçirmək kimi maksimalist niyyətlərindən əl çəkmədiyini göstərir. 

Məsələ ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki,Rusiya prezidenti Vladimir Putinin maksimalist açıqlamalarının kökündə düşdükləri çətin vəziyyətdən diqqəti yayındırmaq cəhdi durur:



“Putinin özü də yaxşı başa düşür ki, dünyanın ikinci böyük ordusu hesab edilən rus ordusu öz adını doğrultmadı, istər idarəçilik, istərsə də müasir silahlarla təchizat baxımından. Bunu bütün dünyanın başa düşdüyü halda Putinin başa düşməməsi sadəlövhlük olardı. Putinin arzuları ilə imkanları üst-üstə düşmədi. Rusiya kimi böyük dövlətin düşdüyü aciz durumu başa düşmək üçün ekspert olmağa ehtiyac yoxdur. Altı aydan çox bir zaman müddətində işğal etmək istədiyi Ukrayna ərazisində bir neçə on kilometr irəliləmək, dünyanın "ikinci ordusu" üçün məhv olmağa bərabər haldır. Verilən əsgər və texnika itkilərini nəzərə aldıqda isə bu məhvolmanın miqyası ölçüyə belə gəlmir”. 

Politoloqun sözlərinə görə, qış aylarında vəziyyətin gərgin olacağına ehtimal vermək olar:

“Hesab edirəm ki, Rusiya son ehtiyyatlarını toplayıb hansısa dönüş etməyə cəhd edəcək. Amma, Ukrayna ordusu da yerində saymır. Kollektiv Qərbin verdiyi silahların miqdarı və keyfiyyəti getdikcə artırılır. Daha müasir, uzaqmənzilli silahlar Ukraynaya göndərilir. Hava hücumundan müdafiə sistemləri artırılır, təyyarələr verilir. "Müharibə Rusiyanın məğlub olacağı günə kimi davam edəcək" deyən Qərb, heç vaxt əlinə düşən bu fürsəti qaçırmaz. Onlar Rusiyanı tamamilə neytrallaşdırmamış bu müharibə başa çatmayacaq. İstər Avropa, istərsə də Ukrayna artıq işğalın ilk günlərindəki şoku öz üzərlərindən atıblar. Artıq heç kim Rusiyadan çəkinmir. Rusiya ordusu istehza hədəfinə çevrilib. Qərb çalışır ki, rus ordusunu tamamilə iflic vəziyyətinə salsın, silah-sursatını tükətsin. Hadisələr bu istiqamətdə davam edir. Ümid edirik ki, Ukrayna ordusu qələbə qazanacaq və ətraf ölkələrə təhlükə yaradan rus xofu bir dəfəlik dəfn ediləcək”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top