Deputat: “Bəzi yerlərdə narkomaniya ilə bağlı vəziyyət daha kritikdir”

GÜNDƏM 24 avq 2022, 17:33
"Doğurdan da, ölkəmizdə narkomanların sayı artır, hətta bəzi yerlərdə vəziyyət daha kritikdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat vurğulayıb ki, ölkəmizdə  narkomaniya və narko ticarətlə bağlı mübarizə aparılır:

"Biz hər gün həm media səhifələrində, həm internetdə, həm  də televiziya ekranlarından görürük ki, bu və ya digər şəxslər, narkotacirlər, onu istifadə edənlər saxlanılır, həbs edilir, cəzalandırılır. Amma belə görünür ki, hələ bunlar da bəs etmir. Mənə elə gəlir ki, burada yalnız polisi, hüquq-mühafizə orqanlarının gücündən yox, bütün cəmiyyətin gücündən istifadə etmək lazımdır".

Millət vəkili bir sıra təkliflər irəli sürüb:

"Azərbaycanda ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları  var. Bununla bağlı ayrı-ayrı rayonlarda könüllü dəstələri yaradıla bilər. Bu könüllü dəstələr də həm hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etsinlər, həm aldıqları məlumatları lazımi orqanlara ötürsünlər.Yəni, cəmiyyətin özünün də bu məsələ ilə bağlı birbaşa iştirakına ehtiyac var. Mənim dediyim bu iki təklif adi bir təklif də görünə bilər.Cəmiyyətin  müxtəlif üzvlərinin, təbəqələrinin,  ekspertlərin iştirakı ilə daha böyük bir müzakirələr açıla bilər ki, cəmiyyət özü o problemin qarşısını almaq üçün hansı addımları ata bilər, necə səfərbər edilə bilər. Burada dövlət orqanlarının da iştirakı stimulzasiyası, motivasiyası lazımdır. Onların da bu məsələyə müdaxiləsi vacibdir ki, cəmiyyətin müxtəlif təbəqələri bu prosesə  cəlb olunsunlar".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top