Politoloq: “Rusiya regionda “xilaskar imicini” qoruyub saxlamağa çalışır”

GÜNDƏM 19 avq 2022, 10:27
“Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir fonda Rusiya diqqəti özündən yayındırmaq cəhdi kimi Cənubi Qafqazda özünün “adamlarından”, “maşalarından” istifadə etməklə daxili vəziyyəti gərginləşdirməyə və dövlətlərarası münasibətləri yenidən münaqişə vəziyyətinə gətirmək istəkləri açıq-aşkar hiss olunur. Özünün silahlı qüvvələrinin regiondakı “xilaskar imicini” qoruyub saxlamaq üçün son günlərdə  erməni tərəfinin təxribatları və ordumuzun şəhid verməsinin Rusiya vasitəsilə həyata keçirildiyini şübhələnməyə əsas verir. Çünki Azərbaycanın davranışları, Qarabağ ərazisində həyata keçirdiyi iqtisadi-siyasi addımları Rusiya tərəfindən heç də xoş qarşılanmır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib:
 
“Rusiya yaxşı bilir ki, region dövlətləri onunla münasibətləri normal vəziyyətdə saxlamaqda maraqlı olsalarda, əslində demokratik dəyərlərin, sosial-iqtisadi inkişafın dinamikliyini təmin etmək üçün onun təsirindən qurtulmağa çalışırlar.

Əsrlər boyu yalnız zor və hədə yolu ilə region dövlətlərini, xalqları təsir dairəsində saxlamaq nifrət hissinin daha çox artmasına təkan vermişdir. Qeyd edim ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsində enerji resursları ilə bərabər, həm də dünya dövlətlərini taxılla təhdid etməsi idxaldan asılı olan ölkələrin ərzaq təhlükəsizliyinə ciddi təhlükə törədir. Bu vəziyyət sadə insanlarda ciddi narahatlıq yaratmaqla onun səbəbkarlarına qarşı münasibəti formalaşdırır”. 

“Habelə, İrəvanda ticarət mərkəzində baş vermiş partlayışda Rusiyanın əlinin olması ilə bağlı Ermənistan mətbuatında gedən yazılar və əhalinin məhz Rusiyanın ünvanına ittihamlar səsləndirməsi də təsadüfi görünmür. Bu bir tərəfdən hakimiyyətin və əhalinin Rusiyadan yan vurmaqla və Qərbə inteqrasiya yolunu dərinləşdirmək istəyindən irəli gələ bilər. Digər tərəfdən, Ermənistan Azərbaycanın gücünün artması fonunda özlərinin məkirli niyyətlərini həyata keçirərək, Rusiyadan daha çox dəstək qazanmaqla işğalçılıq siyasətini həyata keçirməyə çalışmaları ilə izah olunan bilər. Çünki, hər iki dövlətin üzdə görünən gərginliyinin arxasında “əsl məqsədin” gizlənməsi də şübhə doğurmur. Nəzərə alsaq ki, hər iki dövlətin bir-birlərinə olan münasibətlərinin eyni amala xidmət etməsi belə düşünməyə əsas verir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top