İstəyimiz budur ki, bölgədə sülh, əmin-amanlıq olsun

SİYASƏT 14 avq 2022, 11:12
İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Bu müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük dəyişikliklər baş verib. Uğurla həyata keçirilən layihələr Qarabağın enerji təminatında, dəmir və avtomobil yollarının yenidən qurulmasında əsaslı dönüş yaradıb. Yeni körpülər salınır, tunellər tikilir. “Ağıllı kənd” layihəsi əsasında yeni yaşayış massivləri salınır. Artıq keçmiş məcburi köçkünlər doğma dədə-baba yurdlarına qayıdırlar. Bugünlərdə Zəngilan rayonunun Ağalı kənd sakinləri Böyük Qayıdışın ilk müjdəsini yaşadılar. Hazırda həmin kənddə həyat öz axarına düşür.Yaxın vaxtlarda Böyük Qayıdışın davamının şahidi olacağıq.

Demokrat.az Xalq qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Te­leviziyasına müsahibəsinə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi.

Hüquq müdafəçisi dedi ki, dövlət başçımız Vətən müharibəsindən sonra Qarabağda baş verən hadisələrdən, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti- bərpa işlərindən söhbət açdı. Möhtərəm Prezidentimiz həmçinin dünyada yaranmış ərzaq təhlükəsizliyindən, taxıl qıtlığından, qiymətlərin durmadan artmasından və bunun fonunda Azərbaycanda bu istiqamətdə hansı tədbirlərin nəzərdə tutulduğundan bəhs etdi. Prezident işğaldan azad edilmiş torpaqlarımızda aparılan əkin işlərindən və kənd təsərrüfatı sahəsində görülən işlərdən də söhbət açdı.

Komitə sədri dövlət başçımızın bu ayın əvvəlində erməni təxribatı nəticəsində Qara­bağda yaranmış qarşıdurmaya da münasibət bildirdiyini diqqətə çatdırdı. Məlum olduğu kimi, bu təxribat nəticəsində bir əsgərimiz şəhid oldu. Şəhidimizin qanı yerdə qalmadı. Dərhal həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində ermənilər ciddi cəzalandırıldı. Dövlət başçımız qeyd etdi ki, bir neçə saat ərzində davam edən “Qisas”əməliyyatı cəza tədbiri idi. Şəhidimizin qanı düşmənə baha başa gəldi. Möhtərəm Prezidentimiz Ermənistana ciddi xəbərdarlıq etdi: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

Ç.Qənizadə dedi ki, Vətən müharibəsindən sonra Qarabağda start götürən yenidənqurma ilə yanaşı, insanların şüurunda da dəyişiklik baş verib. İndi dinc erməni əhalisi də müharibə istəmir. Çünku yaxşı bilir ki, Ermənistan haqsız­dır. Onu da bilirlər ki, Qarabağ Azərbaycanın ərazisidir. Bunu erməni əsilli ekspertlər, polito­loqlar da dəfələrlərlə etiraf ediblər. Müharibə başa çatandan sonra dövlət başçımız dəfələrlə Azərbaycanın sülh istədiyini bildirib. Deyib ki, biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq: “ Amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər. Nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlar­dan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”.

Gələcəyə nikbinliklə baxan dövlət başçımız həmişə istədiyimizə nail olduğumuzu bildirdi: “İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın” .

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top