Deputat: “Erməni separatçıları tezliklə torpaqlarımızı tərk etməsə, aqibətləri ağır olacaq”

GÜNDƏM 06 avq 2022, 13:42
“Erməni təcavüzkarları və separatçı qüvvələri artıq Azərbaycan torpaqlarını tərk etməlidirlər. Çünki bu barədə çox mühüm sənədlər var. İlk növbədə 10 noyabr və 11 yanvarda imzalanmış bəyanat, Avropa  İttifaqı Şurası Şarl Mişellə görüşlər zamanı qarşıya qoyulan tələblər deməyə əsas verir ki, erməni separatçıları mütləq Azərbaycan ərazilərini tərk etməlidirlər. Çox təəssüflər olsun ki, iki ilə yaxın müddət keçməsinə baxmayaraq,  bəyanatın tələbləri hələ də yerinə yetirilmir”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat qeyd edib ki, bu, tələbi əslində rus sülhməramlıları yerinə yetirməli idilər:

“Təbii ki, bu da erməni separatçılarına müəyyən qaydada əl-qol açmağa, torpaqlarımıza müəyyən terror aktları törətməyə imkan yaradır. Bqeyd edim ki, 10 noyabrda imzalanmış Bəyannamənin  4-cü maddəsində açıq-aydın göstərilir ki, sülhməramlılar ərazidə təhlükəsizliyin təmin olunmasına, orada silahlı qruplaşmaların tərkisilah edilməsinə cavabdehlik daşıyırlar. Ancaq çox təəssüflər olsun  ki, biz bunu bugünədək görmədik. Vaxtaşırı olaraq, həmin silahlı qruplaşmalar Azərbaycan ərazisində sui-qəsdlər, müəyyən terror aktları törədir, əsgərlərimizi qətlə yetirir, digər tərəfdən orada istehkamlar yaratmağa cəhd göstərirlər”. 

Deputat əlavə edib ki, son günlərin hadisələri də bunu göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir:

“Artıq Laçın istiqamətində bir neçə dəfə atəşkəsi pozublar. Digər tərəfdən onlar müəyyən ərazilərdə mövqe qazanmağa çalışırlar ki, bu da yolverilməzdir. Ölkə rəhbəri Cənab Prezident İlham Əliyev dəfələrlə xatırladıb ki, biz sülhün tərəfdarıyıq. Biz qəbul olunmuş öhdəlikləri yerinə yetirməyə hazırıq və bunu  yerinə yetiririk. Ancaq çox təəssüflər olsun ki, Ermənistan hakimiyyəti başda Paşinyan olmaqla bu müqavilə şərtlərini pozurlar. Şərtlərin pozulmasına və törədilən o hadisələrə görə bilavasitə Ermənistan rəhbərliyi məsuliyyət daşıyırlar”. 

Millət vəkilinin sözlərinə görə, əsas məsələlərdə bilavasitə günahkar tərəf Ermənistandır:

“Ermənistan tərəfi Laçın yolunun çəkilişində çox passiv iştirak edir. Həmin alternativ yol çəkiləndən sonra sözsüz ki, bütün hadisələrə nəzarət etmək səlahiyyətinə malik olacağıq və həmin mövqelərdə möhkəmlənəcəyik. Sözsüz ki, bu yol çəkiləndən sonra Laçının əksər əraziləri azad olunmalı, kəndlər boşaldılmalı və ondan sonra Azərbaycan əsgərləri həmin mövqelərdə öz yerlərini tutmalıdırlar. Əlbəttə ki, bu iş tez bir zamanda başa çatmalıdır. Cənab Prezident öz çıxışlarında ciddi təkidlə tələb edir ki, mütləq bəyanatdan irəli gələn o vəzifələr yerinə yetirilməlidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi istiqamətində işlər sürətləndirilməli və silahlı birləşmələr tez bir zamanda Azərbaycan ərazilərini tərk etməlidir. Bu məsələlər tez bir zamanda həll olunmalıdır və bunu xarici dövlətlər də öz bəyanatlarında səsləndirib, sabitliyin yaradılması əsas məsələ kimi qarşıya qoyulub. Qarabağda bugün yerləşən erməni silahlı birləşmələri tez bir zamanda oranı tərk etməlidirlər. Təbii ki, tərk etməsələr aqibətləri əvvəlindən daha da betər olacaq. Çünki Azərbaycan öz haqqını tələb edir və bu haqqı uğrunda mübarizə aparır. Bizim mübarizəmiz haqq mübarizəsidir, torpaqlarımızın azadlığı mübarizəsidir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top