Dövlət Turizm Agentliyi nələrə diqqət etməlidir? — Deputat istirahət obyektlərindəki nöqsanları SADALADI...

TURİZM 02 avq 2022, 13:35
Deputat: “İstirahət yerlərində qiymətlər göstərilən xidmətlə uzlaşmır, natəmizlik baş alıb gedir” 

“Yay ayları ümumiyyətlə, dünyanın hər yerində turizm mövsümünün qaynar vaxtı hesab olunur, Azərbaycan da istisna deyil. Ölkəmiz, yerləşdiyi coğrafiyaya, iqliminə, təbii resurslarına, görməli yerlərinə, milli mətbəxinə, tarixi, mədəni abidələrinə görə turizmin inkişafı üçün ideal məkanlardandır”.
 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün xüsusi sərəncamlar, normativ aktlar imzalayıb:

“Əvvəllər Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən turizm sektoru ayrılaraq, müstəqil Dövlət Turizm Agentliyinə çevrilib. Ədalət naminə qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı gündən agentlik xeyli müsbət işlər görmüşdür. Sahənin inkişafı ilə bağlı xüsusi fəaliyyət proqramı hazırlanıb. Respublikanın bütün maqistral yollarında ailəvi istirahət mərkəzləri yaradılıb, uzun illər ərzində xarici və yerli turistlərin ən çox narazılığına səbəb olan ayaqyolları, digər xidmət sahələri inşa olunub. Yəni, müsbətə doğru dəyişikliklər baş verir və proses davam edir. Ancaq, əfsuslar olsun ki, otellərdə, ictimai iaşə obyektlərində xidmətin səviyyəsi qənaətbəxş deyil. Qiymətlər göstərilən xidmətlə uzlaşmır, istirahət yerlərində natəmizlik baş alıb gedir. Sanitariya-gigiyenik normalara riayət olunmur. İşçilərin davranışları, müraciət formalarını bilməmələri, mədəni səviyyələrinin aşağı olması, insanlarda qıcıq yaradır. Bütün bunlar təbii olaraq, ümumi əhval-ruhiyyəyə mənfi təsir edir”.



Qiymət məsələsinə gəldikdə isə, millət vəkili qeyd edib ki, bu, ilk növbədə vicdan məsələsidir:
 
“Bazar iqtisadiyyatı şəraitində qiymət siyasəti əsasən təbii yolla tənzimlənir. Ancaq, burada sui-istifadə hallarına yol verilməməlidir. Çünki pandemiya ilə əlaqədar quru sərhədləri bağlı olduğuna görə, əksər əhali ölkənin regionlarına üz tutur və müəyyən sıxlıq yaranır. Tələbatın artdığını görən bəzi işbazlar isə bundan müvəqqəti yararlanmağa çalışırlar. Ağıllı iş adamları uzunmüddətli inkişaf strategiyası qurduqları halda, əksər obyektlərin sahibləri dərhal varlanmağa üstünlük verirlər. Bu da təbii olaraq, keyfiyyətə təsir. Dövlət Turizm Agentliyi nələrə diqqət etməlidir? 

İlk növbədə, düşünürəm ki, bütün növ xidmət sahələri üçün konkret normativlər müəyyənləşdirilməli, mütəmadi olaraq onların klassifikasiyası aparılmalıdır. Təkcə otellərin ulduzlaşması yox, digər turizm obyektləri də fərqləndirilməlidir. Sanitariya normalarından tutmuş, qiymətlərin uyğunluğuna, personalın maarifləndirilməsinə xüsusi diqqət ayrılmalıdır.
 
Sistemli şəkildə seminarlar keçirilməli, mütərəqqi standartlarla tanış olmalıdırlar. Ən müasir standartlara uyğun olanlar üçün stimul yaradılmalıdır. Müasir zamanda bir çox ölkələrin ümumi daxili məhsulunun strukturunda turizm əhəmiyyətli yer tutur və bu sahədə ciddi rəqabət var. Ona görə də, iqtisadi-sosial inkişafın təmin olunmasında, əhalinin məşğulluq problemlərinin həllində turizm sektorunun rolu son dərəcə vacibdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top