İlham İsmayılov: “Rusiya sülhməramlılarının loyal və “dişsiz” müdaxilələri deməyə əsas verir ki...”

GÜNDƏM 28 iyl 2022, 17:05
"Ermənilər bir gün ayılıb zəif və əldən düşmüş Rusiya görərlərsə, Qarabağda varlıqlarının sual altında olacağını da yaxşı bilirlər". 

Son günlər kapitulyasiyaya məruz qalan Ermənistanın sərhədlərimizdə təxribatlar törətməsi, atəşkəsi bəzən gün ərzində bir neçə dəfə pozması adi hal alıb. Bir çox hallarda isə dezinformasiya yayaraq, ilk atəşkəsi Azərbaycan ordusunun açdığını bildirirlər. Təəssüf doğuran haldır ki, ermənilər bu atəşkəsləri daha çox Rusiya "sülhməramlıları"nın təsir zonasında törədir. Qarabağ bölgəsində silahlı erməni birliklərinin hələ də mövcudluğu, onların döyüş hazırlıqlarına davam etmələri xəbərləri də mediada mütamadi gündəm olur. Beynəlxalq ictimayyətin də Ermənistan-Azərbaycan arasında razılaşmalarının olacağı, yekun sülh müqaviləsinin bağlanacağı ilə bağlı gözləntiləri olmasına baxmayaq, görünən odur ki, Paşinyan hökuməti də öz sələfləri kimi, bu danışıqları pozmaq və uzatmaqla məşğuldur.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov son vaxtlar Azərbaycan sərhədlərində erməni silahlı qruplaşmalarının müxtəlif təxribatlara əl atmasına münasibət bildirərək, qeyd edib ki, bu cür halların mütamadi xarakter daşıması ondan xəbər verir ki, bu hadisələrin bu yöndə cərayan etməsi Paşinyan hökumətinin öz marağındadır: "Məsələ ondadır ki, Ermənistan cəmiyyəti indi yalnız müharibədəki məğlubiyyətin və ölkənin kapitulasiyasının şokunu yaşamır, həm də onların yüz illərlə formalaşdırdıqları saxta "Böyük Ermənistan" idelogiyaları puça çıxıb. İndi erməni cəmiyyətini inandırmaq və arxasınca aparmaq üçün nə lobbi mərkəzləri, nə də ki, erməni ideloqları yeni bir strateji hədəf düşünə bilmirlər. Sıravi ermənilər belə artıq anlayır ki, Ermənistanın növbəti revanş cəhdi hətta onun "müstəqilliyini" belə tam itirməsi ilə sonuclana bilər. Bunu Paşinyan hakimiyyəti də yanşı anlayır. Odur ki, yaranmış durumdan çıxış yolu kimi, bütün erməni hakimiyyətlərinin etdiyi kimi vaxtı uzatmaq, münaqişənin davam etdiyini göstərməkdir. Hətta biz son günlər Ermənistan rəsmilərinin yenidən ATƏT-in Mİnsk Qrupunun fəaliyyətini yada salmaqla, "status" nağıllarını yenidən gündəmə gətirməklə vəziyyəti yenidən sıfır nöqtəsinə çəkmək istəyirlər. Lakin Ermənistan anlamalıdır ki, artıq o nöqtəyə dönüş mümkün deyil, Azərbaycanın ərazi bütünlüyünü tanımalı, özünün də xilasına çalışmalıdır".

İlham İsmayılov Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinə də toxunaraq, bildirib ki, onların ən böyük fəaliyyəti hələ ki, ermənilərin "çörəyinə yağ çəkmək"dir:  "Mən Rusiyanın bölgədəki fəaliyyətini sülhməramlı yox, daha çox "rusməramlı" olaraq qiymətləndirirəm. Onların buradakı varlığı yalnız ermənilərin toparlanmasına, silahlanmasına xidmət edir. Azərbaycan sərhədlərində atəşkəsin pozulduğu ərazilər məhz onların təsir dairəsindədir. Lakin bütün bunlara göz yummaqla, ermənilərin əl-qol açmalarına da şərait yaradır. Əslində, Rusiya burada sülhə nail olmaq yox, məhz konflikti yerində saxlamaq, davam etdirmək üçün mövcuddur.  Biz Rusiyanın bu xüsusiyyətini çox yaxşı bilirik, onların mövcud olduğu bütün ərazilərdə konfliktlər bitmir. Baxın, Rusiya ətrafında olan heç bir qonşu dövlətlə münasibətdə səmimi deyil. Hətta birgə yaşadığımız 70 il ərzində belə bütün respublikaların hər birində zəncirvari münaqişə ocaqları yaradıb və bu gün də ancaq onları alovlandırmaq, genişləndirməklə məşğuldur. Bu gün öz tarixi köklərilə bağlı olan Ukraynanın müstəqilliyinə təhdid edir, dinc əhaliyə divan tutur, şəhərləri və kəndləri yerlə yeksan edir.Lakin heç kimdə şübhə yoxdur ki, Rusiya bu müharibəni udsa belə, məğlub olacaq. Əslində bu vəziyyəti Paşinyan hökuməti, eləcə də erməni siyasi texnoloqları da yaxşı bildiyi üçün bir çox məsələlərin həllini zamana buraxmağa cəhd edir. Ermənilər bir gün ayılıb zəif və əldən düşmüş Rusiya görərlərsə, Qarabağda varlıqlarının sual altında olacağını da yaxşı bilirlər". 

İ.İsmayılov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatların davam edəcəyini də istisna etmir: "Ermənilərin sərhədlərimizdə aktivləşməsini yalnız öz istəkləri ilə bağlamaq düz olmaz. Rusiya sülhməramların loyal və "dişsiz" müdaxilələri deməyə əsas verir ki, onlar Azərbaycan ərazisində yaşayan ermənilərin silahlarını yerə qoymalarında maraqlı deyillər. Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmi qaydada tanıyıb. Bu halda Azərbaycan öz ərazisində antiterror əməliyyatının keçirməsini də beynəlxalq hüquqla əsaslandıra bilər. Beynəlxalq hüquqda isə seperatizmə və terrorçuluqla məşğul olan silahlı dəstələrə qarşı əməliyyatların aparılması məqsədə uyğun hesab edilir".

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top