Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun ailəsi onun şəhadətlik zirvəsinə ucaldığı yeri İLK DƏFƏ ZİYARƏT ETDİ (VİDEO)

SOSİAL 15 iyl 2022, 15:02
Şəhid general- mayor Polad Həşimovun ailəsi bu ilki anım günündə onun şəhadətə ucaldığı döyüş postunu ziyarət ediblər. “Xəzər Xəbər”in çəkiliş qrupu da onlarla bərabər olub.

Polad Həşimovun ailəsini, generalın son anlarını yaşadığı “Qaraqaya” postunda Müdafiə Nazirliyinin nümayəndələri və zabit heyəti müşayiət ediblər. Onlar Vətən uğrunda canından keçən bütün şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra onun Tovuz döyüşləri zamanı xidmətdə olduğu yerlər ziyarət edilib. Generalın tapşırıqları əsasında dağıdılan döyüş nöqtələri də ailə üzvləri tərəfindən izlənilib. Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova bildirib ki, həyat yoldaşının şəhid olmasından keçən iki il ərzində “Qaraqaya” postuna gəlməyə ürək etməyiblər:

“Aradan vaxt keçəndən sonra cəsarətimizi toplayıb, Polad Həşimovun son anlarını yaşadığı posta gələ bildik. Bura gəldikdən sonra qürur hissi keçirdim ki, həyat yoldaşım əsl qəhrəman olub. Əslində onunla bərabər yaşadığım 17 ildə generalın necə bir hərbçi olduğunun şahidi olmuşdum. Ordumuz Polad Həşimovla birlikdə bu postda şəhid olanların qisasını Vətən müharibəsində aldı”. Şəhid generalın oğlu da onun kimi mərdanə danışaraq düşmənə elə ön xəttə meydan oxuyub:

“Atamın şəhid olduğu posta gəlmək bizi həm kədərləndirdi, həm də qürur verdi. Biz onlara söz veririk ki, şəhidlərin bizə miras qoyduğu torpaqları göz bəbəyi kimi qoruyub saxlayacağıq”. Postun hərbi heyəti Polad Həşimovun ailəsinə burada onun xatirəsinin daim ehtiramla yad ediləcəyinə və bu postun ləyaqətlə qorunacağına dair söz veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top