69 ölkəyə vizasız, Azərbaycan pasportu ilə gedə bilərik!

TURİZM 13 iyl 2022, 15:00
Səyahət edib dünyanı gəzmək hər kəsin istəyidir. Lakin bunun üçün gedəcəyimiz ölkənin qanunlarını bilməli, səyahət üçün viza əldə etməliyik. Lakin vizasız da səyahət edə biləcəyimiz ölkələr var. Ümumilikdə Azərbaycan pasportu ilə 69 ölkəyə vizasız səfər etmək mümkündür. Əlbəttə ki, bu ölkələr arasında qarşılıqlı razılıq əsasında qəbul olunur. Əgər müəyyən olunan gündən artıq həmin ölkədə qalsanız cəzalana bilərsiz. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov söyləyib: 

“Bəzi ölkələr var ki, oraya gedərkən viza olsa da, viza almaq çox rahatdır. Məsələn, vizalı və asan viza alınan ölkələr Tailand, digər Asiya ölkələri var ki, bir çoxlarında vizanı almaq çox rahatdır. Sırf vizasız ölkələrə gəldikdə isə, bunlar qardaş ölkə Türkiyə, Monteneqro, Rusiya, Gürcüstandır. Bundan əlavə Serbiya, Albaniyaya da Azərbaycan vətəndaşları vizasız və rüsumsuz şəkildə rahat şəkildə səyahət edə bilərlər.”



Almaniya, Argentina, Avstriya kimi ölkələrə vizasız səyahət etmək üçün diplomatik və xidməti pasportunuz olmalıdır. Və əlbəttə ki, uçuşdan öncə müəyyən rüsum ödəməlisiniz. 
Son günlər gündəmdə olan mövzulardan biri də aviabiletlərin qiymətləridir. Ötən ayla müqayisədə hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri 20-30% bahalaşıb. Xüsusilə də, qonşu ölkələr Türkiyə və Gürcüstana ucuz bilet tapmaq mümkün deyil. Quru sərhədlərinin bağlı olması, uçuş məhdudiyyətləri qiymət artımının əsas səbəblərindəndir.

“2020-ci ildən bu yana ölkəmizdə və dünyada qlobal olaraq pandemiya davam edir və bir çox sahələrə olduğu kimi turizmə də təsirsiz ötüşmədi. Turizmi 0 dərəcəsinə gətirib çıxartdı. Hava yolu şirkətləri işləyə bilməyəcək duruma gəldi. Bu baxımdan da ölkədə xüsusi reyslər aparılmağa başladı. Əvvəl müntəzəm reyslər idi, indi isə pandemiya karantin şəraitindən irəli gələrək xüsusi reyslərdir. Xüsusi reyslərin qiyməti isə müntəzəm reyslərdən daha bahadır.”

Ən yaxşısı səyahət edəcəyiniz ölkəni öncədən planlamaq və biletləri minimum 2 ay əvvəldən əldə etməkdir.  

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top