Dövlət qurumundan çimərliklərlə bağlı XƏBƏRDARLIQ

SOSİAL 11 iyl 2022, 19:05
Yay mövsümü ilə əlaqədar bir aya yaxındır çimərliklər vətəndaşların üzünə açıqdır. Yenisabah.az xəbər verir ki, hər il olduğu kimi bu il də dənizdə boğulma halları baş verir. Bəs bunun qarşısı necə alınır?

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili “Yeni Sabah”a açıqlamasında deyib ki, əhali dənizə gedərkən bəzi qaydalara riayət etmək məcburiyyətindədir:

"Biz hər zaman vətəndaşlara müraciət edərək bildiririk ki, nəzarət olunmayan çimərliklərdən istifadə etməsinlər. Əgər hansısa dənizkənarı ərazidə xilasedicilər yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və ərazilərdən istifadənin təhlükəli olması anlamına gəlir".
A. Əlili bu il nəzarət olunan çimərliklərdə boğulmadan vəfat etmə hadisəsinin olmadığını bildirib:

“Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Abşeron yarımadası və ölkənin digər sahilboyu ərazilərində struktur bölmələri fəaliyyət göstərir. Bütün struktur bölmələrinin əhatə etdiyi çimərliklərdə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Belə ki, dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, təmizləmə işləri görülür, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb, vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsi üçün maarifləndirmə işləri aparılır. 

Həmçinin nəzarət etdiyimiz ərazilərdə bizimlə yanaşı təcili tibbi yardım maşınları ilə təchiz edilmiş həkim briqadaları da xidmət aparır. Cari ildə 36 nəfəri çimərlik mövsümündə olmaqla ümumilikdə 62 sudaboğulma təhlükəsi ilə üzləşən şəxslər tərəfimizdən xilas olunub. Bizim nəzarət etdiyimiz çimərliklərdə ölüm hadisəsi qeydə alınmayıb. Nəinki bu il, ötən il də bizim nəzarətimizdə olan ərazilərdə ölüm hadisəsi baş verməyib. "

A. Əlili həmçinin vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, qanunsuz ərazilərdə çimərlikdən istifadə etməsinlər:



"Əlavə olaraq bildiririk ki, bəzi vətəndaşlar müxtəlif su kanallarından, süni göllərdən, çaylardan çimərlik kimi istifadə edirlər. Bildirirəm ki, bu su hövzələri çimərlik təyinatı üçün nəzərdə tutulmayıb. Məsələn, son günlər Samur-Abşeron və Qarabağ kanalında bəzi bədbəxt hadisələr baş verib. Bu kanallar suvarma və digər təyinatlı məqsədlər üçün inşa edilib və onların kənarları beton plitələrlə bağlı olduğu üçün ora düşən şəxs çıxa bilməz. Bu məsələ ilə bağlı valideynlər xüsusi diqqətli olmalıdırlar. 
Bundan əlavə olaraq diqqətə çatdırıram ki, vətəndaşlar dənizə getməzdən öncə hava şəraitinə diqqət yetirsinlər. Dənizdə xüsusi qaydalara əməl etsinlər. Spirtli içki qəbul edərək dənizə girmək, suda kobud hərəkətlər etmək, insanları narahat etmək qəti qadağandır. Səhər 9:00-dan axşam 20:00-a qədər çimərliklər vətəndaşların üzünə açıqdır".
A. Əlili son olaraq axşam 20:00-da çimərliklərin bağlanma səbəbindən danışaraq bildirib ki, gecə qaranlıq havada xilasetmə əməliyyatı aparmaq mümkün olmadığı üçün bağlanma saatından sonra çimərliyə girmək qadağandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top