Politoloq: “Ermənistan Türkiyə şirkətləri üçün əlverişli bazarlardan biri ola bilər”

GÜNDƏM 07 iyl 2022, 15:26
“Bu günlərdə Vyanada Türkiyə - Ermənistan müzakirələrinin dördüncü raundu baş çatdı. Bu müzakirələrdən verilən məlumataların təhlili göstərir ki, tərəflər hava yolu ilə əlaqələrin bərpası məsələlərində anlaşa biliblər. Hazırda növbəti addım kimi quru sərhədlərinin açılması, yaxud ticarət sahəsində əməkdaşlığı bərpa etmək nəzərdə tutulur”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Politoloqun sözlərinə görə, Ermənistan üçün bu strateji məsələdir və ölkənin iqtisadi imkanlarının güclənməsi üçün hökumətin nəzərdən keçirdiyi imkanlardan biridir:

“Türkiyə üçün də Ermənistanla əməkdaşlıqla ermənilərin əsassız iddialarından əl çəkməsinə nail olmaq əhəmiyyətlidir. Həmçinin, Ermənistan Türkiyə şirkətləri üçün əlverişli bazarlardan biri ola bilər. Azərbaycan Ermənistan-Türkiyə yaxınlaşmasında maraqlıdır və bu proses həm də 44 günlük Vətən müharibəsindən sonra regionda iqtisadi rifahı təmin edəcək təşəbbüslərin dəstəklənməsi ilə bağlı rəsmi Bakının siyasətinə cavab verir”. 



Z.İbrahimli qeyd edib ki, Türkiyə ilə əlaqələrin normallaşmasının Azərbaycanla Ermənistan arasında etimad yaranmasına da dəstək verəcəyi gözlənilir:

“Bununla belə, bu məsələlərdə Azərbaycanın və Türkiyənin əsas şərti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İrəvan tərəfindən qeyd-şərtsiz tanınması, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi və siyasi iddialarının olmaması barədə öhdəlik götürməsi, Ankaraya qarşı ərazi və qondarma soyqrım iddilarının geri götürülməsidir. Bu şərtlərə əməl olunmayana qədər tam formatda Türkiyə-Ermənistan əlaqələrinin normallaşacağını, geniş əməkdaşlıq olacağı gözlənilmir. Bu məsələdə Bakı-Ankara eyni siyasət yürüdür və birgə addımlar atırlar. Güman etmək olar ki, ilk mərhələdə hava əlaqəsi bərpa oluna bilər, həmçinin özəl sektorlar arasında konkret sahələr üzrə əməkdaşlıq nəzərdə tutula bilər ki, bunlar da İrəvan üçün motivasiya xarakterli addımlar kimi planlaşdırılır. Lakin Ermənistan qeyd edilən şərtlərə əməl etmədiyi təqdirdə tam formatda Türkiyə ilə əməkdaşlıq real görünmür.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top