Mənsum İbrahimovdan Nəzakət Teymurovaya: “Sənətin zirvəsindədir...”

İNCƏSƏNƏT 04 iyl 2022, 12:58
Bu gün Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın ad günündür. 

Sevilən xanəndə 50 yaşını qeyd edir. Mənsum İbrahimov Demokrat.az vasitəsilə onu təbrik edib, ünvanına xoş sözlər söyləyib:
 
“Mən Nəzakət Teymurovanı 1995-ci ildən- teatra gəldiyi gündən tanıyıram. Elə ilk işimiz də birgə olmuşdu –“Leyli və Məcnun” operasında. Nəzakət xanım Leyli obrazına hazırlanırdı. Onda mən artıq illər idi ki, orda Məcnunu oynayırdım. Mən ona dəstək oldum, çünki onun təbii, gözəl səsi Leyliyə çox uyğun idi. Çox zəhmətkeş idi. Uzun illər biz tərəf müqabili olduq, oxuduğum tamaşaların 80 faizində biz tərəf müqabili olmuşuq. Hər zaman xalq tərəfindən sevilən, Leyli obrazının tarixinə öz adını qızıl hərflərlə yazdıran Nəzakət xanım həm də gözəl pedaqoqdur. Həm gözəl xanəndədir, həm gözəl opera solistidir. Dünyanın bir çox ölkələrində, Azərbaycanın bölgələrində biz qastrol səfərlərində olmuşuq. Sənətinə çox məsuliyyətli, diqqətlidir. Bu yaxınlarda Milli Konservatoriya tərəfindən “muğam professoru” adına layiq görüldü. Biz indi həm də münsif kimi 8-ci Muğam Müsabiqəsində birgə çalışırıq. Artıq bir xanəndə kimi kifayət qədər uğurları var, sənətin zirvəsindədi. Həm bütün bu uğurları, həm də ad gününə görə ürəkdən təbrik edirəm Nəzakət xanımı. Ona can sağlığı arzu edirəm, hər zaman səhnədə olmağı arzu edirəm.”



Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top