Qubada gilas bağında ata və oğul davaya çıxdılar — Şok olayın təfərrüatı

KRİMİNAL 30 iyn 2022, 10:33
Quba rayonunda 1963-cü il təvəllüdlü Afil şəxsi münasibətlər zəminində yarana münaqişə zamanı oğlu Namikə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 6-da, saat 17 radələrində Quba rayonu, Susayqışlaq kəndində yerləşən bağ sahəsində baş verib. 

Afil həmin yerdə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı oğlu Namiki əlindəki ağac parçası ilə döyərək, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Afilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Afil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs oğludur, onunla münasibətləri 2012-ci ildən artıq yaxşı deyil: “Əsas səbəbi isə aramızda gəlinim, eləcə də torpaq sahəsi ilə bağlı yaranmış mübahisədir. Yaşadığım kəndin ərazisində 1,40 ha pay torpaq sahəsində gilas ağacları əkmişəm. Namikə və digər övladlarıma həmin sahədən 0,30 ha pay da vermişəm. Buna baxmayaraq Namik ona artıq pay verilməyimi tələb edib”.

Təqsirləndirilən şəxs deyib ki, aprelin 6-da, saat 17 radələrində bağ sahəsində təmizlik, budama işləri görərkən Namik də həmin yerə gəlib: “Namik qurumuş ağac qələmlərini kəsməklə mənim təmizlik apardığım sahəyə tökdü. Buna görə Namikə öz iradlarımı dedim. Aramızda mübahisə yarandı. Namik üzərimə gəldikdə əsəbiləşdim. Terdə olan ağac parçasını götürdüm və ona bir neçə zərbə endirdim”. 

Afil ifadəsinin sonunda əməlindən peşman olmasını bildirib.

Zərərçəkmiş Namikin sözlərinə görə, anası 3 il əvvəl vəfat edib: “Anam dünyasını dəyişdikdən sonra atamla münasibətlərimiz pozuldu. Hazırda ata evində deyil, digər evdə yaşayıram. Atamın digər qardaş və bacım ilə də münasibətləri yaxşı deyil. Bunun əsəs səbəbi kənd ərazisində yerləşən ümumi sahəsi 1 ha olan əkin yeri ilə bağlı yaranmış mübahisədir. Həmin əkin sahəsini atamı Afil öz övladları arasında bölüb. Hər kəsə düşən pay hissələri tanıdılıb. Buna baxmayaraq Afil digər oğlu və qızının pay hissəsində olan gilas ağaclarının meyvəsini dərib satıb, aralarında narazılıqlar yaranıb”. 

Zərərçəkmiş qeyd edib ki, aprelin 6-da, saat 17 radələrində bağ sahəsində budama işlərini görərkən atası Afil uzaqdan gələrək ona yaxınlaşıb: “Mənim bağdan getməyimi tələb etdi. Qardaşım Arturun tapşırığı ilə ona məxsus hissədə budama işləri gördüyümü dedim. Aramızda mübahisə yarandı. Həmin vaxt atam yerdən götürdüyü ağac parçası ilə ilk əvvəl boynumun sol, sağ qol, oradan getmək istərkən isə arxadan sağ ayaq nahiyyəmə vurdu”. 

Zərərçəkmiş ifadəsinin sonunda atası ilə barışmaq istəmədiyini bildirib, ona ağır cəza verilməsini xahiş edib. 

Quba rayon Məhkəməsinin hökmü ilə Afil aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top