“Zəngəzur dəhlizi olmazsa, Ermənistan da sülh görməyəcək” — ŞƏRH

GÜNDƏM 18 iyn 2022, 15:39
“Son günlər bir daha əmin olduq ki, ölkəmiz artıq tam anlamıyla nüfuzlu beynəlxalq tədbirlərin ev sahibinə, bəşəriyyət üçün aktual müzakirələr mərkəzinə çevrilib. Hazırda Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə - Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumuna ev sahibliyi edir. Dünyanın tanınmış siyasi liderlərinin, ekspertlərin qatıldığı bu Forumda, bütövlükdə 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir. Tədbirdə müzakirə olunan məsələlər dünya mediası tərəfindən də yaxından izlənilir. Çünki IX Qlobal Bakı Forumunda müzakirə olunan mövzuların əhatə dairəsi həddindən artıq genişdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.  Partiya sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Forumun açılışı zamanı söylədiyi nitqində toxunduğu məqamlar isə ayrıca müzakirə mövzusudur:

“Çünki dövlət başçısı öz çıxışında həm ölkəmiz və bölgəmiz üçün, həm də bütövlükdə dünya üçün olduqca önəmli məsələləri diqqət mərkəzinə gətirdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sülhün əhəmiyyəti və bu prosesdə rəsmi İrəvanın yürütdüyü destruktiv siyasət, Cənubi Qafqazda sabit və dayanıqlı inkişafın yolunu kəsən əngəllər, İkinci Qarabağ savaşındakı tarixi qələbəmizin bölgədə yaratdığı yeni reallıqlar, dünyanın enerji təhlükəsizliyi və s. bu kimi önəmli məsələlər İlham Əliyev tərəfindən təfsilatlı surətdə forum iştirakçılarının diqqətinə çatdırıldı”.

“Bakı Forumunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynadığını nəzərə alsaq, Prezident İlham Əliyevin bu platformanın yaratdığı imkandan yararlanaraq postmüharibə dövrünün reallıqları, üçtərəfli razılaşmaların bəzi müddəalarının Ermənistan və qarantor ölkə tərəfindən hələ də yerinə yetirilməməsinin doğura biləcəyi ağır nəticələr, sülh danışıqlarının ləngiməsinin səbəbləri, rəsmi İrəvanın Qarabağdakı ermənilərə status verilməsi kimi əsassız tələblərlə çıxış etməsi barədə kifayət qədər açıq danışması olduqca əhəmiyyətlidir. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasında əsas həlledici amil rolunu oynadığını, bu dəhlizin açılmayacağı təqdirdə bölgədəki digər məsələlərin də öz həllini tapmayacağı barədə Azərbaycanın iradəsini və birmənalı mövqeyini bütün dünyaya bəyan etdi”.

Ə.Hüseynov əlavə edib ki, əfsuslar olsun ki, rəsmi İrəvan Moskva və Brüssel razılaşmaları ilə üzərinə konkret öhdəliklər götürməsinə baxmayaraq hələ də postmüharibə reallıqlarını qəbul etməkdən yayınmağa çalışır:

“Bu isə Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq əvəzinə, yeni hərbi toqquşma təhlükəsinin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan, 44 günlük müharibənin nəticələrinin və yeni reallığın qəbul edilməməsi heç şübhəsiz ki, Ermənistanın özünə baha başa gələ bilər. Prezident İlham Əliyev də məhz bu perspektivi qabarıq şəkildə vurğulayaraq rəsmi İrəvana kifayət qədər açıq mesaj ünvanladı və Azərbaycanın mümkün cavab addımlarının, adekvat reaksiyalarının altını cızdı: “Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki “Dağlıq Qarabağ” mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq”.
“Bununla da Azərbaycan lideri tamamilə yerində və haqlı məsələ qoydu ki, əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan da Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Başqa sözlə desək, Qarabağa status olar, Qərbi Zəngəzura olmaz? Aydın məsələdir ki, Ermənistan liderlərinin bu suallara dolğun və tutarlı cavab vermək imkanları yoxdur. Çünki ortada olan bütün tarixi sənədlər və faktlar da sübut edir ki, Zəngəzurun ötən əsrin 20-ci illərində Lenin-Stalin cinayətkar rejimi tərəfindən zorla Azərbaycandan qoparılıb Ermənistana verildiyi dönəmə qədər həmin ərazilərdə tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Azərbaycan Prezidenti də məhz belə bir danılmaz faktoru əldə əsas tutaraq düşmənin öz taktikasından onun özünə qarşı istifadə etmək imkanına malik olduğumuzu nümayiş etdirir”. 

Partiya sədrinin sözlərinə görə, Ermənistan əsassız status tələblərindən əl çəkməsə, Azərbaycan Qərbi Zəngəzurdan olan soydaşlarımız üçün analoji status tələb etmək variantını nəzərdən keçirə bilər:

“Bu isə ilk növbədə Ermənistanın özünü çıxılmaz vəziyyətə salar. Bir sözlə, Zəngəzur dəhlizi olmazsa, Ermənistan da sülh görməyəcək. Azərbaycan bu məsələdə hansısa güzəştə getməyəcək və heç kim də Azərbaycanı hər hansı güzəştə məcbur edə bilməz. Güzəştə getməli olan, komromisə gəlməli olan yeganə tərəf varsa, o da Ermənistandır, vəssalam. Yəni ki, İlham Əliyev tam da haqlı olaraq Azərbaycanın mövqeyini bu qədər açıq və qəti ifadə etdi. İlham Əliyevin bu taktikası və Cənubi Qafqazın gələcəyi ilə bağlı yanaşması ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin də iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirdiyi kimi regional inteqrasiyaya və sülhə yönəlib. Bəli, bizim mövqeyimiz yeni münaqişəyə yox, məhz inteqrasiyaya və sülhə yönəlib. Yəni ki, revanşist Ermənistan liderlərindən və müxalifətçilərindən fərqli olaraq Azərbaycan lideri heç də yeni hərbi eskalasiyaya can atmır. Ona görə də İlham Əliyev “yumşaq güc” siyasətini tətbiq edir, Ermənistanı siyasi-diplomatik təzyiq vasitəsilə sülhə məcbur etməyə, Nikol Paşinyanın ikibaşlı siyasəti ucbatından yaranmış “dalan” vəziyyətini dinc yolla çözməyə səy göstərir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasının Ermənistan tərəfindən süni surətdə yubadılması regionda yeni münaqişəyə səbəb olmayacaq. Çünki Ermənistan əvvəl-axır bu dəhlizi açmalı olacaq. Əks təqdirdə, Azərbaycan tərəfi də “Laçın dəhlizi” deyilən yolun dəhliz statusunu ləğv edə və bununla da Ermənistanı tamamilə çıxılmaz vəziyyətə sala bilər. Yəni ki, bütün hallarda uduzan tərəf Ermənistan olacaq. Azərbaycanın öz hədəflərinə nail olmaq üçün Ermənistana təzyiq imkanları kifayət qədər genişdir”. 

O ki qaldı Rusiyanın bu məsələdə nə dərəcədə maraqlı tərəf olmasına, partiya sədri qeyd edib ki,  Rusiya ümumən Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə normallaşmasında maraqlı olmasa da, lakin Zəngəzur dəhlizinin açılması hazırda Rusiyanın da maraqlarına cavab verir:

“Ukraynada apardığı işğalçı müharibə ucbatından total sanksiyalara məruz qalan və demək olar ki, tam beynəlxalq təcrid vəziyyətinə düşən Rusiya üçün Zəngəzur dəhlizi sözün həqiqi mənasında “həyat yolu” rolunu oynaya bilər. Ona görə də indi Rusiya bu dəhliz vasitəsilə Türkiyə üzərindən dünya bazarlarına alternativ çıxış imkanı qazanmaq planlarını götür-qoy edir. Bu baxımdan hazırda Rusiyanın yeni geosiyasi, geoiqtisadi planları ilə Azərbaycan və Türkiyənin maraqları hələlik üst-üstə düşür. Odur ki, biz də bu imkandan maksimum səmərəli şəkildə yararlanmağa çalışmalıyıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top