Ukrayna cəbhəsi tədricən aktiv döyüşlərdən “mövqe müharibəsi” mərhələsinə keçir...

GÜNDƏM 06 iyn 2022, 17:32
Ukrayna cəbhəsi tədricən aktiv döyüşlərdən “mövqe müharibəsi” mərhələsinə keçir və bu ssenarinin ön plana çıxmasının yeganə səbəbi Rusiyanın Donbası işğal etmək, burada möhkəmlənmək planı da deyil;

- Enerji böhranından sonra ərzaq böhranı təhlükəsi artır;
- Qərbdə “müharibənin necə bitməsi” haqda fikir ayrılığı dərinləşir;

Müharibənin necə bitəcəyi fikri Qərbi iki cəbhəyə parçalayıb: Ukraynanı sona qədər dəstəkləyənlər və Rusiyaya güzəşt gedilməsinin vacibliyini irəli sürənlər;

Birincilər ikinciləri, xüsusilə Fransa və Almaniyanı tənqid etsə də, real vəziyyət birinci cəbhəyə rəhbərlik edən ABŞ-ı “böhranı həll etməyə” sövq edir: Vaşinqton “Rusiya təhlükəsi” ilə çətiri altına yenidən topladığı Avropanı düşdüyü böhrandan xilas etməlidir, hərçənd, zamanın uzanması birləşdirmək istədiyi müttəfiqlər arasında parçalanma vəziyyətini dərinləşdirir, Berlin və Parisin mövqeyini gücləndirir; lakin dəstək verdiyi Ukraynanı da “güzəştə” məcbur edə bilməz;

“Mövqe müharibəsi” yeganə çıxış yolu kimi görünür:

- Rusiya Donbasın işğalını başa çatdırdıqdan sonra davamlı toqquşmanın yaşanacağı təmas xəttini formalaşdırır;

- ABŞ Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirir, zamanla tərəflər danışıqlar masasında da müzakirələr aparır;

- Rusiyaya qarşı sanksiyalar yumşaldılır, yaxud müəyyən “çıxış yolları” (neftin daha aşağı qiymətə alınması və s.) tapılır;

ABŞ Ukraynanı “satmır”, Avropanı “böhranın cənginə tərk etmir”, Rusiya ilə “döyüşü davam etdirir”. Hadisələrin mümkün inkişafı belə görünür.

Və Kissincerin Davosdakı məlum və məşhur çağırışı nə qoca kişinin sayıqlaması, nə də Putinin lobbiçiliyini etmək yox, “radikal qərar”ın strateji nəhəngin dili ilə gündəmə gətirməklə “ağlabatan”a çevrilməsi, “yeganə çıxış yolu” rəyinin yaradılması gedişi idi. Kissincerdən sonra artıq Qərb liderləri daha açıq şəkildə danışırlar, hətta “Ukraynanı sona qədər dəstəkləyənlər” belə...

“Mövqe müharibəsi” dünyanın Baydenin “azad dünya və tiranlıq” adlandırdığı iki cəbhəyə bölünməsinin - Ukrayna müharibəsinin geosiyasi hədəfi budur - başlanğıcı ola bilər.

Asif Nərimanlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top