Politoloq: “Vaşinqton indiki məqamda Bakının enerji siyasətini dəstəkləyir”

GÜNDƏM 01 iyn 2022, 16:18
“Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir”.

Bu fikirləri Demokrat.az-a politoloq Turan Rzayev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən deyib. Politoloq qeyd edib ki, təbrik məktubu Bakı Enerji Həftəsinin ən diqqət çəkən məqamlarından biri oldu:

“Ümumiyyətlə bu Baydenin il ərzində Prezident İlham Əliyevə üçüncü belə təbrik məktubudur. Bayden bundan öncə Müstəqillik Günü, daha öncə isə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlamışdı. Hesab edirəm bu bir daha Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunan Bayden “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” deyib. 



Bayden bundan əlavə bildirib ki, “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır”.

Politoloq bildirib ki, Vaşinqton indiki məqamda Bakının enerji siyasətini dəstəkləyir:

Bunu Baydenin son 3 təbrik məktubu da təsdiqləyir. Vaşinqton da Azərbaycan Respublikasının öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir. Ona görə də, Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top