TƏBİB-dən meymunçiçəyi peyvəndi ilə bağlı AÇIQLAMA

SOSİAL 27 may 2022, 18:13
“Su çiçəyi ilə meymunçiçəyi xəstəliyinin adına görə bəzən yanlış təəssürat yaranır və bu xəstəliyi oxşadırlar”.

Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bəzən elə təəssürat yaranır ki, bunlar eyni xəstəlikdir və birini keçirmişiksə, digərini keçirməyəcəyik:

“Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir. Həqiqətən də təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır. Lakin su çiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.

O qeyd edib ki, meymuçiçəyinin 2019-cu ildə təsdiqlənmiş peyvəndi var: “Bu peyvənd kifayət qədər effektivdir. Lakin indiyə qədər bu peyvənd çox məhdud sayda istehsal olunurdu. Çünki istənilən halda bu peyvəndlər, dərmanlar ehtiyac üzrə istehsal olunur. Bu xəstəliyə yoluxma artarsa, riskli qruplar üçün peyvəndin istehsalı artırıla bilər”./APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top