Ekspert: “Dövlət bağçalarına qarşı inamsızlığı bərpa etmək lazımdır”

GÜNDƏM 26 may 2022, 16:05
Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qidanın verilməsi ilə bağlı görüntülər yayılıb. Təbii ki, bu görüntülər övladını bağçaya göndərən valideynlər üçün narahatlıq yaradır. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, bu övladlarını bağçaya etibar edən valideynlərin, eyni zamanda Azərbaycan cəmiyyətinin xoş qarşılamadığı bir məqamdır. Ekspert ümid edir ki, yaxın vaxtlarda bağçalarla bağlı neqativ halların qarşısı alınacaq:

“Çünki əvvəlki dövrlərdən fərqli olaraq Prezident İlham Əliyevin sərəncamı əsasında 2022-ci ilin yanvar ayından etibarən bağçaların idarə olunması Təhsil Nazirliyinə verildi. Bilirisiniz ki, əvvəllər bağçalar yerli icra orqanlarının tabeliyində idi və müvafiq olaraq icra hakimiyyətləri dövlət büdcəsindən bağçalara alan pulları yeyirdilər. Eyni zamanda, bağça müdirləri də müvafiq olaarq bu yeyintidən faydalanırdılar. Uşaqlar üçün nəzərdə tutulan normativ qidalanma, eyni zamanda onların ləvazimatları kimlərsə tərəfindən mənimsənilirdi.



Ümid edirəm ki, bundan sonra Təhsil Nazirliyi və  Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi tərəfindən bağçalarda yoxlamalar aparılacaq. Çünki artıq bağçalar Təhsil Nazirliyinin tabeliyindədirsə, bu işi tam ciddiyyəti ilə görmək lazımdır. Qidaların hər biri Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar çərçivəsində uşaqlara təqdim olunmalıdır. Eyni zamanda, qida təhlükəsizliyi baxımdan müvafiq monitorinqlər aparılmalıdır. Yaxşı olar ki, sui-istifadə hallarına yol verən şəxslər cəzalandırılsınlar“. 

Təhsil eksperti qeyd edib ki,  dövlət büdcəsindən vəsait hesabına əldə olunan qida vasitələrinin, həmçinin uşaqların bağçalarda istifadə etdikləri müvafiq oyuncaqların hər biri mütləq nəzərə alınmalıdır ki, onlar kənara çıxardılıb bəzi şəxslər tərəfindən satılmasınlar:

“Hazırda bağçalarla bağlı Təhsil Nazirliyi tərəfindən istər müəllimələrin işə qəbulunun imtahanla keçirilməsi və bağça müdirlərinin yenidən təyin olunması ilə bağlı müzakirələr aparılır. Ümid edirəm ki, qarşıdakı vaxtda bu istiqamətdə əməlli addımlar atılacaq. Qeyd edim ki, özəl bağçalarda diqqət və qayğı dövlət bağçalarına nisbətən daha yaxşıdır. Dövlət bağçalarında təəssüf ki, hələ də köhnə ənənə davam edir. Ümid edirəm ki, Təhsil Nazirliyi bunun qarşısını alacaq. Yəni, buna çox ümid bəsləyirəm. Dövlət bağçalarına qarşı inamsızlığı bərpa etmək lazımdır. Eyni zamanda, təhsilləri düzgün beynəlxalq standartlara uyğun olmalıdır ki, növbəti təhsil pilləsində şagirdlərdə  hər hansı bir mənfi fəsadlar üzə çıxmasın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top