Aydın Mirzəzadə: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olmalıdır”

GÜNDƏM 23 may 2022, 11:32
“Bugünkü gün üçün reallıq odur ki, Ermənistan Azərbaycanın 5 prinsipini qəbul edib. Və bununla bağlı Brüsseldə müəyyən ümumi razılığa gəlinib. Bu məsələdə nə dərəcədə Ermənistan səmimidir və nə dərəcədə razılıqlarını yerinə yetirmək istəyəcəyi sonrakı mərhələdə özünü göstərəcək“.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün  Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə baş tutan görüşünü şərh edərkən deyib. Deputat vurğulayıb ki, Ermənistan bu dəfə də üzərinə götürdüyü öhdəlikləri  yerinə yetirməsə bu ilk növbədə onun ziyanına işləyəcək:

“Bu gün Azərbaaycandan daha çox Ermənistan münasibətlərin düzəlməsində, sərhədlərin dəqiqləşdirilməsində maraqlı olmalıdır. Zəngəzur dəhlizinin açılmasında Ermənistan xüsusən maraq göstərməlidir. Çünki Ermənistan apardığı işğalçılıq və qonşu dövlətlərlə münaqişə siyasəti ilə özü-özünü dalana dirəyib. Ona investisya qoyulmur, regional-iqtisadi layihələrdən kənarda qalıb. Bu gün Ermənistan beynəlxalq birlikdə hər hansı  bir siyasi nüfuza malik deyil. Bütün bu proseslərdən azacıq da olsa azaltmaq üçün ilk növbədə Azərbaycanla normal münasibətlər qurulmalıdır. Zəngəzur dəhlizinin işləməsi Ermənistana yüz milyonlarla heç bir xərc çəkmədən büdcəsinə vəsait gətirəcək. Bu baxımdan gələcək göstərəcək ki, Ermənistan dediklərinə sadiqdir yoxsa yox“. 

“Əgər əməl etməyəcəksə, Azərbaycanla konflikt siyasət yeridəcəksə, müvafiq olaraq da cavabını alacaq. Azərbaycan bu gün öz işğaldan azad edilmiş ərazilərdə suveren hüquqlarını addım-addım bərpa edir və bundan sonra bir qarış torpağımızı da heç kəsə güzəştə getmək fikrində deyilik“- deyə millət vəkili vurğulayıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top