Dini komitənin sədri: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşılır”

GÜNDƏM 19 may 2022, 10:27
"Azərbaycanda əhalinin dini tərkibinə görə müsəlmanlar üstünlük təşkil etsə də, bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşılır. Azərbaycan dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı dövlətlər sırasında mühüm yer tutur".

Demokrat.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan “Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycandakı etnik-dini müxtəliflik ölkənin müəyyən bir hissəsi ilə məhdudlaşmır: "Etnik-dini müxtəliflik ölkənin bütün ərazisi üzrə paylanıb ki, bu da tarix boyu ərazimizdə mövcud olmuş müxtəlif xalqların qarşılıqlı hörmət və anlayış şəraitində yaşamalarının göstəricisidir. Məhz dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai-əsasını təşkil edir. Dini, mədəni kimliklərin müdafiəsi həm qanunvericilikdə, həm də dövlətin siyasi proqram sənədlərində təsbit edilir".

M.Qurbanlı bildirib ki, Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir: "Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə həsr olunan xeyli sayda beynəlxalq tədbirlər keçirilir. Dövlət-din münasibətlərinin möhkəmlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkədə və kənarda böyük rol oynayır. Fond Azərbaycandakı məscid, kilsə və sinaqoqların bərpa və yenidən qurulması ilə bərabər dünyadakı dini-mədəni abidələrin qorunmasında fəal iştirak edir".

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top