Sökülən ev şəhid anasının deyil — İcra başçısından AÇIQLAMA

GÜNDƏM 13 may 2022, 14:53
Sosial şəbəkələrdə Sabunçu rayonunda şəhid anasına məxsus olduğu deyilən evin sökülməsi ilə bağlı video yayılıb. Şəhid Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ağlayaraq bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev başına uçurulub. Şəhid anası qeyd edib ki, evin tikilməsi üçün İcra Hakimiyyətindən 3 min manat rüşvət istəyiblər.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Modern.az-a açıqlama verib. İcra başçısı bildirib ki, Şəhidin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb:

"Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi, obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.

Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri məndə çox böyük təəssüf hissi yaradıb. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonunun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəyin ki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.

Təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.

A.Vəliyev ölkə başçısı tərəfindən Şəhid anasına ev verildiyini vurğulayıb. Onun sözlərinə görə, bütün şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir:

"Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. Şəhid anasına Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrilə şəxsən özüm maraqlanıram".

İcra başçısı onu da bildirib ki, M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmır.

Qeyd edək ki, Şəhid Sübhan Mahir oğlu Abdurahmanlı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 may 2022, 19:36
Top