Ermənistandakı son proseslərdə Rusiya izi

GÜNDƏM 06 may 2022, 12:11
Sülh prosesinin başqa siyasi aktorların əlinə keçməsi Rusiyanı qıcıqlandırır.

Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesinin başlaması, həmçinin sülh sazişinin imzalanması istiqamətində hər iki tərəfdən müsbət reaksiyaların olduğu bir məqamda diqqəti cəlb edən başqa proseslər baş verməkdədir. Ermənistanda Sarkisyan-Köçəryan tərəfdarlarının Paşinyan hakimiyyətinə qarşı kütləvi aksiyaları başlayıb. Əlbəttə ki, bu, heç də təsadüfi deyil və aksiyaların cəmiyyətin sosial sifarişi nəticəsində ortaya çıxdığını söyləmək mümkünsüzdür. Xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda növbədənkənar seçkilər keçirildi və bu seçkilər onu göstərdi ki, erməni ictimaiyyəti bir çox həqiqətləri yaxşı dərk edir. Əks təqdirdə məğlub olmuş Paşinyana deyil, Köçəryan-Sarkisyan birliyinin bağlı olduğu siyasi qüvvələrə səs verərdi. Bu, birmənalı şəkildə Sarkisyan və onun kimi terrorçu, cinayətkarların öz xalqlarının gözündə belə sonuncu yerdə olmasının əyani sübutu idi. Erməni xalqı belə qüvvələrin yenidən hakimiyyətə gəlməyindənsə, məğlub olmuş Paşinyan hakimiyyətinə yenidən səs verməyi üstün tutdu və bunun üzərindən çox az zaman keçib. Belə olduğu təqdirdə Ermənistandakı son proseslərin xalqın sifarişi ilə ortaya çıxdığı ehtimalı aradan qalxır.

Prosesləri yaxından izlədikdə, Ermənistandakı dinc mitinqlərin daha da qızışdırılmasının arxasında Rusiyanın dayandığı sezilir. Təkcə ona görə yox ki, Sarkisyan və Köçəryan Rusiyaya bağlı adamlardır və Rusiya yenə də birbaşa ona bağlı adamları hakimiyyətdə görmək istəyir. Bu fakt faktlığında qalır, amma burada başqa vurğulanmalı xüsusi məqam Rusiyanın bölgədə davamlı sülhün yaranmasında nə dərəcədə maraqlı olmasından ibarətdir.

Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələr verir, yəni, sülh sazişinin imzalanmasına olan ümidlər artıb. Bu prosesin, xüsusilə Paşinyan hakimiyyətinin sülh prosesinə töhfə verəcək mövqeyə meyillənməsinin, Azərbaycan və Ermənistan arasında ayrı-ayrı müstəvilərdə başlanan birbaşa təmasların Rusiyanı qane etmədiyi ehtimalı üzərində dayanmaq mümkündür. Rusiya Avropa İttifaqının başlatdığı formatı üzdə dəstəkləsə də, bütövlükdə regionda sülhün olması proseslərinə öz maraqları çərçivəsində təsir göstərmək istəyir. Daha açıq desək, Rusiya özünün diqtəsindən kənarda yarana biləcək sülhdən narahatdır. Narahatdır ki,  bu sülh regionda Rusiyanın təsir imkanlarını heçə endirə, xüsusilə Ermənistan əldən çıxa bilər.  Ermənistanda Qərbin dəstəyi ilə Paşinyan hakimiyyətə gəlsə də, Rusiyanın bu ölkəyə təsir imkanları heç də aradan qalxmayıb. Sarkisyan və Köçəryanın Ermənistandakı  hakimiyyətə təzyiq vasitəsi kimi əldə saxlanılması, zamanı çatanda onlardan istifadə ehtimalı gün kimi ortadadır.

Əslində Qarabağ münaqişəsinin yaranması və uzun müddət həllolunmaz qalması da Rusiyanın öz mövcudluğunu bu bölgədə qoruyub saxlamaq siyasətinə xidmət etməyibmi? Bu mənada sülh prosesinin başqa siyasi aktorların əlinə keçməsi Rusiyanı qıcıqlandırır. Hər vəchlə çalışır ki, sülh məsələsi qeyri-müəyyən vaxta qədər uzansın. Ermənistandakı dinc mitinqlərə Rusiyanın Ria-Novosti, Sputnik Ermənistan kimi media quruluşlarının yanaşması bu ehtimalı tamamilə qüvvətləndirir. Əks təqdirə bu qəbildən olan KİV-lər Ermənistandakı hazırkı prosesləri daha da körükləmək xəttini niyə  tutsun?! 

Ermənistanda yaşananlar Sarkisyan-Köçəryanın hakimiyyətə gəlmə, 3-cü Qarabağ savaşının yaranma ehtimalını da nəzərdən keçirməyə imkan verir. Sözsüz ki, bu, baş verərsə, Ermənistanın hansı itkilərə məruz qalacağını, daha ağır nəticələrə qatlanmalı olacağını təsəvvür etmək mümkündür. Vətən müharibəsində Azərbaycan Ordusu hansı mifləri dağıtdı? Şişirdilmiş gücü, “əfsanələşdirilmiş” səddi necə yardı?!   Azərbaycan əsgəri Ermənistanın keçmiş prezidentlərinə, onların havadarlarına, ümumilikdə Qarabağ siyasəti üzərində oyun oynayanlara heç vaxt unudulmayacaq acı məğlubiyyət yaşadıb. 

Ermənistan ordusu artıq yoxdur və hansısa başıpozuq dəstələr səviyyəsində qalib, güclü Azərbaycan Ordusunun qarşısına çıxmaq ağılsızlıqdır. 

Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra revanşist qüvvələrin addımlarına qarşı xəbərdarlığı, 3-cü Qarabağ müharibəsinin qaçılmaz olacağı təqdirdə daha pis nəticələrin meydana çıxacağı ilə bağlı xəbərdarlığı unudulmamalıdır: “Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Ermənistandakı xaosdan yararlanıb hakimiyyətə gəlmək, Qarabağ müharibəsinin növbəti dalğasında nəyəsə ümid edənlərə təbii ki, bundan gözəl cavab yoxdur!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top