“Sülhməramlıların Qarabağda illərlə qalmasının heç bir mənası yoxdur” — ŞƏRH

GÜNDƏM 27 apr 2022, 15:26
Ermənistanın paytaxtı İrəvanı etiraz asksiyaları dalğası bürüyüb. Bu gün səhərdən başlayaraq tələbələrin, müxalifətin mitinq cəhdlərindən sonra indi də İkinci Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərin valideynləri etiraz aksiyası keçiriblər. Onlar Aznavur meydanına toplaşaraq, hökumətin daxili və xarici siyasətini tənqid edən çıxışlar və şüarlar səsləndiriblər. Bəs, bu aksiyalara hansı qüvvələr dəstək verir?

Sualımızı cavablandıran politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada bəzi dairələr var ki, Qarabağda sülhün əldə olunmasını istəmirlər. Politoloq vurğulayıb ki, Rusiyada olan ermənipərəst qüvvələr də bu məsələdə müəyyən əngəllər törədir: 

“Bilirik ki, Ermənistan müxalifəti daha çox həmin dairələrlə bağlıdır və bu, heç kəsə sirr deyil. Ona görə də, İrəvanda keçirilən aksiyalara çox güman ki, həmin dairələr dəstək verir. Digər tərəfdən, bunlar təkcə Rusiya yox, eyni zamanda Qərb diasporası ilə sıx bağlı olan insanlardır. Yəni, diaspora da onlara köməklik göstərirlər ki, anti-sülh nümayişləri keçirsinlər. Yəni, aksiyaların hansı ölkələr tərəfindən dəstəklənməsini indi söyləmək çox çətindir. Niyə? Çünki Qarabağda sülh əldə olunmasa, bu zaman heç bir kommunikasiyaların açılmasından, başqa fürsətlərdən, imkanlardan söhbət ola bilməz. Gəlin fikirləşək, kommunikasiyalar açılmasa, regionda yeni vəziyyət və yeni mərhələ olmasa, bu, hansı ölkələrə xeyir gətirəcək? Rusiyanın özünə xeyir gətirəcəkmi? Mən düşünmürəm ki, xeyir gətirsin. Çünki Rusiya onsuz da az qala blokada şəraitindədir və Qərblə bütün yolları bağlanıb. Bir də buradan yol bağlansa, o, Rusiyaya nə verəcək? İndi müəyyən ümidlər var ki, Cənubi Qafqaz vasitəsilə Rusiyanın Türkiyə və digər istiqamətlərə yolu açılacaq”. 
 


Politoloqun sözlərinə görə, bu yol digər bağlanmış yolları da əvəz edəcək: “Müharibə olsa, gərginlik yaşansa, yaxud da Qarabağ istiqamətində heç bir irəliləyiş olmasa bu yollar açılacaqmı? Əlbəttə ki, xeyr. Biz açıq şəkildə Avropa İttifaqına və digərlərinə bildirmişik ki, əgər siz istəyirsinizsə,  regionda yeni imkanlar yaransın, sizin də maraqlarınız kifayət qədər yaxşı təmin olunsun, buyurun, vasitəçiliklə məşğul olun. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müəyyən töhfələr verin ki, bu münaqişənin tarixçəsi keçmişdə qalsın. Əgər istəmirsinizsə, o zaman burada sizin maraqlarınız nə təmin olunacaq, nə də ki, sülh bərqərar olacaq”. 

İ. Vəlizadə əlavə edib ki, Rusiya sülhməramlıların regionda fəaliyyət göstərməsi də, onun uzun maraqlarına cavab vermir: “Tutaq ki, onlar erməniləri orada qoruyacaqlar. Bu Rusiyaya nə verəcək? Neyniyəcək? Yollar bağlı, heç bir mənfəət götürə bilmir, sülhməramlılara daim pul ayırmalıdır. Nəyə görə daim onları orada saxlayacaq? Azərbaycan qoşunlarına qarşı onları istifadə etmək mümkün olmayacaq, çünki Azərbaycan ordusu kifayət qədər güclüdür. Biz dəfələrlə gücümüzü hər kəsə göstərmişik. Ona görə də, sülhməramlıların Qarabağda illərlə dayanmasının heç bir mənası yoxdur. Məna ancaq bir şey verə bilər ki, kommunikasiyalar açılsın, yeni mənfəət imkanları açılsın. Bu mənfəət imkanlarından da Rusiya və digərləri rahat şəkildə istifadə edə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top