“Boş-boş danışıqlardansa, birmənalı şəkildə...” — Deputat

GÜNDƏM 23 apr 2022, 13:00
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, bu qurultay həm siyasi, həm iqtisadi, həm mənəvi, həm də hərbi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir:

“Əsas məqam da ondan ibarətdir ki, qurultayda 65 ölkədən 400-ə yaxın azərbaycanlı iştirak edir və bunlar müxtəlif Azərbaycan diaspora təşkilatlarının təmsilçiləridir. Onlar öz ölkələrinə qayıtdıqdan sonra təbii ki, gözləri ilə gördükləri  erməni vandalizmini bütün dünyaya çatdıracaqlar və mütləq şəkildə bunlar onların təbliğat materialları olacaq”. 

Millət vəkili qeyd edib ki, Şuşada qurultayın keçirilməsi həm ermənilər, həm də onların havadarları üçün çox ciddi mesaj oldu: “Eyni zamanda, beynəlxalq təşkilatlar da ciddi mesaj aldılar. Bu, Azərbaycan prezidenti İlham Əliyevin çıxışında da öz əksini tapdı. Beynəlxalq təşkilatlara, dünyaya məhz bu problemin həllində sadəcə deklorativ bəyanatlarla kifayətləndikləri ilə bağlı çox ciddi mesajlar verildi. Əlbəttə ki, istər ermənilər, istərsə də ermənilərin havadarları başa düşdülər ki, birmənalı şəkildə Şuşa Azərbaycandır. Qarabağ Azərbaycandır! Artıq geriyə yol yoxdur! Hər hansı geriyə addımlar atılsa, revanşist ideyalardan danışılsa, Azərbaycan yenə də öz ərazisini istənilən formada həll etmək iqtidarındadır. Təbii ki, bu qurultaya ermənilərin reaksiyası birmənalı olmadı. Artıq müəyyən açıqlamalar verilməməkdir. Guya ki, bu sülh danışıqlarını pozan məsələlərdir. Yəni, bunların hər biri sadəcə bəhanələrdən o yana keçmir”.

“Təbii ki, bundan sonra istər revanşist ideyalılar, istər “Qarabağ klanı”, istərsə də Qarabağ ərazisində qalan qanunsuz erməni birləşmələrinin tör-töküntüləri olsun, yəni hamısı müxtəlif tribunalardan çıxışlar etməyə başlayacaqlar. Onu da deyim ki, sadəcə o çıxışları da elə özlərinə qalacaq. Çünki  biz diktə edən tərəfik. Beş maddədən ibarət son təklifimizi vermişik və Ermənistan tərəfi də bunu qəbul edib. Əsas odur ki, praktiki şəkildə bunlar həyata keçirilməlidir. Boş-boş danışıqlardansa, hansısa qeyri-prinsipal mövqedən çıxış etməkdənsə, birmənalı şəkildə bizim təkliflərimizlə razılaşmalıdırlar və belə də olacaq,”- deyə millət vəkili qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top