“Bu gün azərbaycanlılar bir yumruq halında birləşərək, dünyaya mesaj ünvanladılar”— Deputat

GÜNDƏM 22 apr 2022, 20:14
“Bu gün Azərbaycan möhtəşəm bir tarix yaşayır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Baş tacımız olan Şuşada dünya azərbaycanlılarının qəlbinin döyündüyünü vurğulayan deputat bildirib ki, bu qurultay təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, öz tarixi vətənlərində, yaxud dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir:

“44 günlük Vətən müharibəsində Dünya Azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqlı mübarizəsinin ayrılmaz bir parçasına çevriliblər. Bu gün də yumruq olan 50 milyonluq bir xalq gələcək fəaliyyətini, yol xəritəsini cızır. Ali Baş Komandan, Cənab Prezidentin qurultaydakı möhtəşəm çıxışı bir çox mətləblərdən xəbər verdi. Əvvəla, Cənab Prezident 1990-cı illərdən başlanılan proseslər, onun fəaliyyəti dövründə bu məsələlərin həll edilməsindən bəhs etdi. Sirr deyil ki, bu gün azərbaycanlılar bir yumruq halında birləşərək, dünyaya mesaj ünvanladılar. İndi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur, bu yolda tarixi vətənlərinin haqq işinə dəstək verənlər isə Zəfərimizin və milli birliyimizin sevincini yaşayırlar. Şübhə etmirəm ki, Zəfər Qurultayından sonra diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək və azərbaycanlılar dünyanın hər yerində öz vətənlərini böyük qürur və fəxarət hissi ilə təmsil edəcək”.

“Onu da qeyd edim ki, Cənab Prezidentimiz çıxışı zamanı ana dilimizin qorunmasının əhəmiyyətindən danışdı. Bilirsiniz ki, ana dilinin qorunub saxlanması çox mühüm məsələdir. Çünki bu dünya azərbaycanlıların yaşadığı ölkələrdə öz ölkələrinin təbliğ etməsi baxımından son dərəcə əhəmiyyətlidir. Digər məsələ isə təşkilatlanmaqdır, artıq bu istiqamətdə də yeni çağırışlar, yeni hədəflər var. Bu hədəflərə doğru isə hər bir azərbaycanlı işlədiyi, çalışıdığı yerlərdə mütləq öz səyini göstərməli və öz töhfəsini verməlidir. Heç şübhəsiz ki, soydaşlarımız böyük şirkətləri, holdinqləri bundan sonra bura dəvət edəcəklər və bu bölgələrə investisiya qoymaları üçün səy göstərəcəklər. Təbii ki, bunların hər biri bu qurultayda danışılacaq, müzakirə olunacaq. Zəfər qurultayımız Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış əzəmətli bir tarix olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top