Deputat: “Zəngilan beynəlxalq logistika mərkəzinə çevriləcək”

GÜNDƏM 14 apr 2022, 13:10
“Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra sürətli bərpa və yenidənqurma işləri başlanıldı. Hələ 44 günlük Vətən Müharibəsi davam etdiyi müddətdə azad edilmiş ərazilərdə yol çəkilişinə start verildi. Bu, Azərbaycanın öz haqlı mövqeyindən çəkinməyəcəyi barədə ciddi mesaj olmaqla yanaşı ölkəmizin müharibənin davam etdiyi bir vaxtda işğaldan azad edilən torpaqlarda quruculuq işləri aparmağa qadir olduğunu, daha dəqiq desək hərbi və iqtisadi gücünün vəhdətini bəyan edirdi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib. Deputat qeyd edib ki, müharibə bitdikdən sonra bu proseslər daha da sürətli şəkildə həyata keçirildi:

“Qısa zaman ərzində Qarabağda görülən işlər yalnız ölkəmizdə deyil, beynəlxalq müstəvidə də diqqəti cəlb etdi. Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində bildirdi ki, Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. Bu hava limanının inşası strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bölgədə iqtisadiyyatının  inkişafı prioritet məsələlərdəndir, burada hava limanının olması hədəflərin əldə olunmasında mühüm rol oynayacaq. Bu, turizmin inkişafına da həmçinin müsbət təsir edəcək. Ümumiyyətlə, nəqliyyat infrastrukturunun yaxşı olması hər baxımdan zəruridir. Hava nəqliyyatı isə müstəsna rola malikdir”.

“Prezident qeyd etdi ki, Zəngilanın baş planı da bu il təsdiqlənməlidir. Təbii ki, burada geniş şaxəli layihələr əksini tapacaq. Dövlət başçısı investisiya proqramlarından da söz açaraq bura əlavələrin ediləcəyini bildirdi. Azərbaycanın ilk “Ağıllı kənd” pilot layihəsinin əsası da məhz bu rayonda qoyulub. Hava limanının istifadəyə verilməsi ilə Zəngilan beynəlxalq logistika mərkəzinə çevrilə bilər. Bura yükdaşımalar və sərnişindaşımaların həyata keçirilməsi ilə yanaşı əbədi qayıdışımıza işarə edən infrastruktur layihəsidir. Zəngilanın coğrafiyası, iqtisadi və geosiyasi məsələlər hava limanının əhəmiyyətli dərəcədə lazım olduğunu ifadə edir,”- deyə, deputat əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top