Münasibətlərin yeni mərhələsində Avropa İttifaqının vasitəçi rolu etibarlı şəkildə artır

GÜNDƏM 07 apr 2022, 11:45
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilən növbəti üçtərəfli görüşün yekunlarına dair verdiyi bəyanat bütövlükdə müsbətdir. O baxımdan ki, həm görüşdə mühüm razılaşmaların əldə olunması, həm də Azərbaycanın maraqlarının üstünlük qazanması barədə məqamlar sənəddə açıq şəkildə öz əksini tapıb.
 

Sənəddə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması üçün iki ölkənin xarici işlər nazirlərinə təlimatın verildiyi vurğulanıb. Bu Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və məhz bunun əsasında danışıqların aparılması deməkdir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın təqdim etdiyi 5 prinsip beynəlxalq hüququn normalarını, müsbət beynəlxalq davranışı əks etdirir.  Bura əsasən, qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası daxil idi. Bəyanat isbat edir ki, aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünə hansısa formada kölgə sala biləcək məqam müzakirə mövzusu deyil.

Tərəflər 2021-ci il 26 noyabr tarixli Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə ediblər. Birgə Sərhəd Komissiyasının mandatına aşağıdakılar daxil olacaqdır:

1. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası.

2. Sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi.

Diqqət etsək görərik ki, bütövlükdə bu sənəddə də Dağlıq Qarabağ ifadəsi yer almayıb, bununla yanaşı,  artıq mövcudluğu aktuallıq kəsb etməyən ATƏT-in Minsk Qrupunun həmsədrlik institutina istinad yoxdur. Bu, Azərbaycanın haqlı mövqeyinin Avropa İttifaqı tərəfindən dəstək qazanması, həmçinin  Minsk Qrupunun tarixin arxivində qalmasının etirafıdır. Bununla da Ermənistanın prosesi yenidən ATƏT-in Minsk Qrupu çərçivəsinə daşımaq xəttinə Avropa İttifaqından dəstək almaq niyyətinə nöqtə qoyulduğunu vurğulamaq mümkündür. 

Prosesin Avropa İttifaqı çərçivəsində yürüdülməsi yeni reallıqdan doğub və üçtərəfli formatın daha effektiv nəticələr əldə etməyə imkan verəcəyinə ümidlər artmaqdadır. Belə demək mümkünsə Avropa İttifaqının dəstəyi ilə tərəflər arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır və bu format, ilk növbədə post münaqişə dövründə münasibətlərin normallaşdırılmasına xidmət edəcək. 

Bəyanatda Liderlərin Ermənistan və Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya/bağlılıq infrastrukturunun bərpasını da müzakirə etdikləri bildirilib. Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazır olduğunu vurğulayıb.

Avropa İttifaqının işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək verməsi də bəyanatda təsdiq olunur.  Bununla yanaşı, nəqliyyat kommunikasiya xətləri, dəmir yolunun və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılmasına dəstək ifadə edilir.  Burada bir necə məqama vurğu etmək vacibdir. Birincisi, Avropa İttifaqının Azərbaycanın mina təmizləmə səylərinə, eyni zamanda, azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə dəstəyi siyasi, iqtisadi kontekstdən olduqca mühüm xüsusdur. İkincisi, bəyanatda itkin düşmüş şəxslər mövzusuna toxunulub və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub ki, bu, Azərbaycan üçün önəmli olan məsələnin Avropa İttifaqının gündəliyində yer almasıdır. Söhbət birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 minə yaxın şəxsin taleyindən gedir. Hansı ki, Ermənistan hələ də bu dövlətin silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır.

Beləliklə,  bu formatda ötən ilin dekabrında başlanılan ilk üçtərəfli görüşdən sonra davam edən təmasların nəticəsi olaraq müsbət işartıların şahidiyik. Nəticə etibarilə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən formalaşdırılan Brüssel sülh gündəliyi qısa müddətdə uğur qazanmaqdadır.  Avropa İttifaqının qərəzsiz tərəf olması,  hər iki tərəfin quruma etimadının mövcudluğu, xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları prosesi irəli daşıyan mühüm şərtlərdəndir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top