Delyaqin Azərbaycandan üzr istədi — VİDEO

GÜNDƏM 29 mar 2022, 17:50

Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin sözlərinə görə üzr istəyib.

Demokrat.az xəbər verir ki, rusiyalı deputat “Qovorit Moskva” radiostansiyasının efirində düzgün anlaşılmadığını, verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib.

“Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm”, - deyə Delyaqin söyləyib.

Xatırladaq ki, M. Delyaqin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı “proksi dövlət” adlandırıb. Bununla yanaşı, proqram zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunub:

“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”.

Bundan əlavə, o, öz rəsmi teleqram kanalında sorğu yerləşdirərək izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini soruşub.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top