“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”-keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.
Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.
“Bu illər ərzində o nə qızı, nə həyat yoldaşı ilə görüşməyib və bir dəfə də olsun danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”-vəkil qısaca deyib. Və prezidentin əfv sərəncamından sevincini gizlətməyib.
Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi? Vəkil bu suala belə cavab verib: “Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.
“Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”, - virtualaz.org-a Ə.İnsanovun vəkili Ağaveys Şahverdi deyib. Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir. Lakin vəkil keçmiş nazirin dəqiq nə vaxt azad ediləcəyini bilmir: “Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”.